"Teymur müəllim, İmişlinin Aranlı kəndində 80-ci ildə bir xəstəxana tikilib, 45 ildir ki, ağzıgünə qalıb".
Lent.az verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib:
“Bu xəstəxana niyə tikildi? Niyə istifadəyə verilmədi? İkinci mərtəbənin beton kəməri tökülmədiyinə görə kərpiclər soyuqdan, küləkdən, qardan və s. səbəblərdən uçur. 45 ildir ki, bu xəstəxana qalıb ağzıgünə. Teymur müəllim, xahiş edirəm bu məsələ ilə maraqlanın. Görün, bu nə işdir, nə məsələdir?”.
Səyyad Salahlı seçicilərin dərman içlikləri ilə müraciəti barədə də danışıb:
"Seçicilərim mənə dərmanların təlimatlandırıcı içlik vərəqini veriblər. Qəzet yazırsınız?! Bu qədər izahat olar? Aptekdə işləyən qıza, oğlana deyirik ki, bala başına dönüm, bunun üstünə yaz ki, mən bunu hər gün qəbul edəcəm. Həm də yeməkdən əvvəl, yoxsa yeməkdən sonra. Ay canım, ay gözüm, bu qədər sicilləmə məlumat olar? Dərmanla bağlı gör nələr yazıb. Bunu o xəstə oxuyandır? Adamın əsəbləri onsuz da korlanıb. Həm də seçicilərim daha çox orta yaşlı və yaşlı adamlardır".

Spiker Sahibə Qafarova deputatın fikirlərinə belə münasibət bildirib:
“Səyyad müəllim, orada bircə kəlmə az yazılsa, mən əminəm, siz burada deyəcəksiniz ki, niyə o kəlmə yazılmayıb. Siz nə danışırsınız? Dünyada qəbul olunmuş bir praktika var ki, dərman vasitəsi ilə bağlı mütləq şəkildə o qutunun içində izahat olur. Bu, ayrı cür ola bilməz. Niyə siz bunu belə bu qədər burada şişirdib danışırsınız?”.
Səyyad Salahlı isə spikerə cavabında bu sözləri özünün yox, seçicilərin şikayəti olduğunu bildirib:
"Çox təşəkkür edirəm, xanım sədr. Deyirsiniz ki, belə deyərdin. Mən demirəm, bunları mənə camaat deyir. Deyir, mənə bir balaca kağızda izahat yaz. Bu dərmanın mənə yan təsirləri nədir? Necə qəbul etməliyəm, necə istifadə etməliyəm? və s. Axı, çox hörmətli xanım sədr, bu qədər sicilləmə izahatı olmaz. Bunu kimi oxuyacaq? Axı bu yazı mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürsünlər, o xəstəyə yol göstərsinlər".