Yenə müəllimləri küsdürüblər. Söhbət son günlərdə ortaya çıxan 8 saatlıq iş rejiminə keçməsindən gedir.
Deyilənə görə, əslində bu bizim əlimizdən tutub yazmaq, oxumaq öyrədən, qəlbimizdə bir növ ilk eşqimiz kimi yaşatdığımız o kəslərin xeyrinədir. Mən Milli Məclisin elm və təhsil komitəsinin üzvünün yalançısıyam. Onun sözlərinə görə, tam iş rejiminə keçən müəllimlərin maaşının artacağı gözlənilir. Bəs müəllimlər niyə bunu istəmir?
Demək, onların incidən başqa nüanslar var ki, bunu hər gün bir sinifdə 40 şagirdə dərs deməyən, böyük otaqlarda yalnız başına kreslolarında oturub gündə bir ideya ilə çıxış edən məmurlarımız, komitə üzvlərimiz nəzərə almırlar.
Evdə 1-2 uşaqla bacarmaq üçün kifayət qədər enerji sərf edirik. Lakin gündə 40 uşağı birdən göndəririk müəllimin üstünə ki, bunlarla ciddi məşğul ol. Bu 40-ın içində ağıllı balalarımızla yanaşı, müəllimin şəxsi həyatını belə çəkib Tik-toka qoyan dəcəllərimiz də var. ChatGPT uşaqları ilə bacarmaq asan deyil vallah. Bizim ailədə 11 yaşlı bir şagirdimiz var, evdə gündəlik hamının süni intellektdəki limitini bitirir. O qədər, lazım oldu-olmadı informasiyalara malikdir ki, şəxsən özüm onunla danışanda 2 dəfə fikirləşirəm. İndi hərəsi bir tipdə olan bu gözəl balaları yola gətirməyə çalışan müəllimə dərsdən sonra “gözlə axşam saat 6-7 olsun evə gedərsən” demək təbii ki, onda şok effekti yaradır.
Hələ bunları qoyuruq bir tərəfə. Biz uşaq olanda qohum-əqrəba həmişə deyirdi ki, qız uşağısan get müəllim ol, gündə 1-2 saat dərsini de, qayıt gəl evinə-eşiyinə. Hətta oğlanlarına çoxu müəllimə qız axtarırdı ki, evdəki zamanı məktəbdəkindən daha çox olsun. Bəlkə də ona görə, indi kişi müəllimlərimizin sayı belə azdı. Yəni, müəllimliyi seçənlərin əksəriyyəti düşünürdü ki, gül kimi işdi də 8-də gedib, günorta 12-də evdə olacam. Bu düzgün yanaşmadırmı? Əsla yox. Amma 8 saat məktəbdə onları saxlayıb yaxşılıqmı edəcəklər? Bax bu sual elə sual kimi də qalıb. Hə, onu da deyim ki, dərsdən sonra əlavə qazanc kimi repetitorluqla məşğul olan müəllimlər, ən çox etiraz edənlər arasındadır. Deyirlər ki, 8 saatlıq maaşdansa, bu işlə məşğul olmaq daha qazanclı və faydalıdır. Yadımdan çıxmamış onu da deyim ki, bir dəfə, rayonların birində savadlı bir müəlliməmizin evində qonaq olmuşduq. Gördüm ki, həyətində balaca bir ev kimi kənarda nəsə bir tikili var. Jurnalist marağı məni çəkib ora apardı. Nə görsəm yaxşıdır? Bura mini bir məktəb idi. 3 dənə sinif otağı var. Tualeti, əl-üz yuyanı da unutmamışdılar. Divardan asılan qar kimi dəsmallara lap məəttəl qalmışdım. Sinif otağında partalar, divarda bəyaz lövhə, yanında rəngbərəng yağlı qələmlər.
Müəlliməyə dedim ki, sizin dərs dediyiniz məktəb var axı, nə edirsinizsə niyə orda etmirsiniz? Mənalı baxışlarla susdu. O dinmədi, amma içindən dedikləri aşağı-yuxarı belə idi: “Göydən düşməmisən ki, indi hamı belə edir də”.
8 saatlıq iş rejimi söhbəti çıxandan heyfim bir dənə o “mini məktəb”ə gəlir. Adam orda oturub, əlifbanı yenidən öyrənmək istəyirdi. Bəlkə yeni əlifba ilə yazmağı öyrənsəydik, belə gic-gic suallar verməzdik kiməsə...
Amma demək istədiklərim əsas bu deyil, məsələnin mahiyyətini özüm qəsdən sona saxladım. Son illərdə təhsil sistemində aparılan islahatları yaxından izləyirik. O qədər yeni qaydalar, problemlərin “həlli yolları” ortaya çıxır ki, hamısını müşahidə edib, çatdırmaq və anlamaq sizə asan gəlməsin. Amma bunların hamısı orta məktəblərlə bağlıdır. Universitetlər niyə yada düşmür bilmirəm? Ali məktəblərimizdə az qala kafedralarda avtoritar idarəetmə var. Gənc müəllimlərin yerini dar edirlər. Amma auditoriyaya girəndə gələcəyin proqramçısını hazırlayan elm adamımız Word sənədini internet üzərindən tələbəyə göndərə bilmir, onun kompüterdəki fotosunu çəkib WhatsApp-dan atır. Şəxsən şahidi olmuşam. Word-u PDF-ə çevirməyin nə olduğunu isə ümumiyyətlə, bilmir. Özü də bunu Məleykə Abbaszadədən zülm-zillətlə 600-dən çox bal ala bilən gənclərimizə edir. Məleykə xanıma, heç bir şey demirəm ey, sağolsun uşaqlarımız o yuxarı balları toplamaq üçün sağlıqlarını zay edib çalışırlar, ən azından bilirsən ki evdə dərs oxuyur, yox ey test əzbərləyir, bir sözlə, səfeh işlə məşğul deyil. Məncə xanım Abbaszadə də fərqindədir ki, universitetə getdikdən sonra uşaqlar oranın 600-lük olmadığını çox tez fərq edirlər.
Ekologiyadan bütün dərslər 4 divar arasında keçilir. Bu uşağın əli bir torpağa dəyməlidir, ki, münbit olub olmadığını anlaya bilsin. Ayağı meşədə bir dəfə bataqlığa batsın ki, kitabda oxuduqlarını müşahidə etsin. 4 ilin sonunda bir təcrübə olur, onda da uşaqlar Bakıdan kənara çıxmır.
Bəs bu dediyimiz islahatların universitet müəllimlərinə nədən heç bir dəxili olmur? Yoxsa, orta məktəb müəllimələrinə gücümüz daha çox çatır? Axı o müəllimləri də universitet hazırlayıb göndərir. Məncə öncə mənbədən, yəni universitetdən mütəxəssis hazırlığına diqqət etməliyik ki, sonra da o diplomlu müəllimlə, mühəndislə, hər kimdirsə onunla rahatca “islahat”ımızı aparaq.
Deməli belə, müəllimlərimizi, hələ də görəndə özümüzə çəki-düzən verdiyimiz o şəxsləri iki gündən bir küsdürürük. Deyirlər 3 gündən artıq küsülü qalmaq doğru deyilmiş. Ümid edirəm ki, bir gün bizim müəllimlərimiz də islahatlarla dost olacaqlar.