Qui Conminin hekayəsi elmi fantastika romanının süjet xətti kimi səslənir. 2017-ci ildə 57 yaşlı Conmin bütün dünyada məşhurlaşıb. O, 48 yaşında ağciyər xərçəngindən vəfat edən həyat yoldaşı Jan Vonlianın cəsədini dondurub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, temperaturu mənfi 196 dərəcə olan kriogen dondurma üçün 30 illik müqavilə imzalayıb.
Conmin ümid edib ki, bu müddət ərzində yeni müalicə üsulları ortaya çıxacaq və həyat yoldaşı yenidən dirçələ, sağala biləcək. Jan Vonlian Çində dondurulan ilk qadın olub.
Plan sadə olub: Conmin onu gözləməli idi. O dirildikdən və sağaldıqdan sonra yenidən bir arada olacaqdılar. Amma reallıq göründüyündən daha mürəkkəb olub.
İki il ərzində Conmin tək qalıb. Gündəlik həyatla bacarmaq onun üçün çətin olub. 2020-ci ildə şiddətli xəstəlik keçirib. Ayağa qalxa, telefona çata bilməyib. İki gün ərzində yataqda hərəkətsiz qalıb, yalnız qohumları qapını sındırdıqdan sonra ona yardım edə biliblər.
Bu hadisədən sonra, dostunun həyat yoldaşı onu Van Çunşe adlı qadınla tanış edəndə Conmin yeni münasibətlərə hazır olduğunu hiss edib. Van Çunşe həmçinin onun şəxsi köməkçisinə çevrilib. Ürəyinə stent qoyulan əməliyyatdan sonra Conmin, hətta küçəni keçmək üçün belə dəstəyə ehtiyac duyub.
O bildirib ki, bu münasibətlər praktik və “səmərəli”dir. “O hələ ürəyimə daxil olmayıb". Conmin yeni həyat yoldaşı barədə deyir: "Ona qarşı məsuliyyət hissi duyuram, amma vəziyyət mürəkkəbdir. O, heç vaxt həyat yoldaşımı əvəz etməyəcək. Mən keçmişi sadəcə silə bilmərəm, amma yaşamağa davam etməliyəm”.
Bu açıqlamalar Çin internetində böyük müzakirələrə səbəb olub. İstifadəçilər onu “emosional poliqamiya”da ittiham ediblər: gələcəkdə bir qadına qarşı öhdəliklərini qoruyur, amma yanında artıq başqa qadın var. “Əgər belədirsə, niyə yeni münasibətə başlayır? Bir tənqidçi yazdı, əgər hissləri varsa, niyə indiki qadını səmimi şəkildə sevmir? Onun sədaqəti alicənablıq yox, eqoizmdir”.
Digər şərhçilər isə qeyd ediblər: “Keçmiş keçmişdə qalıb, həyat davam etməlidir”.
Conmin isə tənqidlərə belə cavab verib: “Narahat olmağa dəyməz. Mən bu müsahibəyə mənəvi cəhətdən hazır idim. Vicdanım rahatdır, nədən qorxum olsun?”