İranda mükafat alan rejissorumuz: “Səhnəyə çıxıb Xocalıdan danışdım”
05 mart 2015 16:05 (UTC +04:00)

İranda mükafat alan rejissorumuz: “Səhnəyə çıxıb Xocalıdan danışdım”

“Kulis” Bakı Film İnstitutunun direktoru, bu günlərdə "Yol" qısametrajlı filmi ilə İrandan mükafatla qayıdan rejissor Fehruz Şamıyevlə müsahibəni təqdim edir.

 

- Fehruz, mümkünsə festival haqqında kiçik bir məlumat ver. Ümumiyyətlə gördüyün kino mühiti, təəssüratlar....

 

- Ruyeş Beynəlxalq Film Festivalı artıq 9 ildir ki, keçirilir. Bundan öncə həmin festivalda iştirak etməmişdirm. Festival 3 əsas proqramdan ibarətdir; beynəlxalq müsabiqə, İslam ölkələri beynəlxalq müsabiqəsi və yerli müsabiqə. Bizim film müsəlman ölkələri beynəlxalq proqramında yarışırdı. Təşkilatçıların bildirdiyinə görə bu proqrama 250 dən çox film göndərilmişdi. Amma həmin filmlər arasından yalnız 10 film seçilərək proqrama daxil edilmişdi.

 

Festival İranın ən böyük kino mərkəzi olan “Cinema Azadi” kino mərkəzində keçirilirdi. Bu mərkəzdə 6 kino zalı var. 10 mərtəbəli bu kino mərkəzi müasir tələblərə uyğun qurulub. Bütün kino camiəsi demək olar ki, burada olur. Yeni filmlərin müzakirələri, kino kafelər də əsasən burada yerləşir. “Cinema Azadi” Tehranda orta və gənc kinematoqrafçıların toplaşdığı əsas məkan sayılır.

 

Festivalda informativ proqram da maraqla qarşılanırdı. Məşhur aktrisa Leyla Hatəminin çəkildiyi “Pulsuz”, sonuncu Kazan film festivalında “ən yaxşı rejissor işi” mükafatını qazanmış Salam Salavatinin “Son bahar” filmlərini izlədim. Qeyd edim ki, iki il öncə mən İranda festivalların birində jüri üzvü idim, orada Salam Salavatinin filmlərini görmüşdüm və çox bəyənmişdim. Həmin festivalda mükafatın Salavatiyə verilməsində də jüri üzvü olaraq mübahisələrimiz olmuşdu.

 

Tamaşaçı baxımından festival maraq böyük idi. Əksəriyyəti gənclər idi. İran kinematoqrafiyasının öz dəsti-xətti olduğu hər kəsə məlumdur, amma bununla belə orada dövlət xarici filmlərin prokatına çox da imkan vermir. Kinoteatrlarda daha çox yerli filmlər nümayiş olunur. Yerli filmlərdən gələn gəlirlər necə deyərlər, yenidən başqa bir yerli filmin istehsalına xərclənir. Beləliklə İran kinematoqrafiyası həm öz üslubunu saxlamış olur, həm də prokatdan torlanan gəlir xarici şirkətin yox, İran şirkətlərinin büdcəsinə daxil olur.

 

 

- Festivalın o biri proqramındakı qalib filmlər hansılar oldu?

 

- Müxtəlif ölkələr, o cümlədən Koreya, Almaniya, Belarusiya, Fransa, Tacikistan, Asiyanın müxtəlif ölkələri iştirak edirdi. İran festivallarında belə bir ənənə var, beynəlxalq proqram üçün çox az nominasiya təyin edərlər. Bu festivalda da yalnız iki mükafat nəzərdə tutulmuşdu. Beynəlxalq proqramda “Ən yaxşı film”, İslam ölkələri beynəlxalq proqramında “Ən yaxşı film”. Bu iki mükafatın birini Livanlı rejissorun çəkdiyi animasiya filmi, ikincini isə bizim ərsəyə gətirdiyimiz “Yol” filmi qazandı.

 

Bağlanış-mükafatlandırma mərasimində məşhur rejissor Rza Mirkərimi ilə görüşdük. Mirkərimi əslən Cənubdandır, azərbaycanlıdır, Azərbaycan dilində danışır. Festival ona, kinodakı xidmətlərinə görə xüsusi mükafat da verdi. Mirkərimi Moskva, Tokio kimi A kateqoriyalı festivallarda, Kann festivalında tənqidçilərin xüsusi mükafatın alıb. Hazırda bir film üzərində işləyir. Mənim səhnəyə çıxıb mükafat almağıma çox sevindi, xüsusi olaraq gəlib görüşdü. Məncə bu ondan irəli gəlirdi ki, İranda keçirilən festivallarda Azərbaycanlı rejissorların mükafat alması çox çətindir.

 

- Bizim filmin mükafat almağını nə ilə əlaqələndirirsən? Ümumiyyətlə, film necə qarşılandı?

 

- Görənlər bilir ki, bizim film daha çox insani dəyərlər, humanizm və torpağa bağlılıq üzərində qurulub. Hətta film post prodakşn mərhələsindəykən filmin maraqlı sloqanı da ortaya çıxdı: DOĞULDUĞUN YERDƏ ÖLMƏLİ. Mən Cəbrayılda doğulmuşam, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı görmüşəm, orada Üzeyir Hacıbəyovun ev muzeyini, qədim qala qapısını görmüşəm. Hacıbəyovun ev muzeyinin taxta, rənglənməmiş qarısı, həyətdəki ağacların dibinə qoyulmuş daş qravürlər yadımdan çıxmır. Onların üzərində müxtəlif alətlərdə ifa edən sənətçilərin yonulmuş rəsmləri vardı. Ümumiyyətlə, mənim işğal olunmuş torpaqda doğulub boya-başa çatmağım filmin mövzusuna təsirsiz ötüşməyib...

Fillmin süjeti belədir ki, Qarabağda doğulmuş yaşlı professor ölüm ayağında öz torpağında gözlərini yummaq istəyir. Torpaq isə ermənilər tərəfindən işğal olunub. O sərhədi keçir və ermənilər onu əsir götürür...

 

Bizim filmin İran paytaxtında mükafat alması məncə böyük hadisədir. Üstəlik də yaddan çıxarmayaq ki, “Yol” filmində məhz Qarabağ müharibəsi açıq şəkildə göstərilib. Festivallar heç vaxt konkret olaraq münaqişələrdən bəhs edən filmləri proqrama çox az hallarda daxil edirlər. Üstəlik əgər orada konkret münaqişəyə birtərəfli yanaşma varsa, onda proqrama düşmək demək olar ki, mümkün olmur. Qarabağ müharibəsini açıq şəkildə özündə əks etdirən və beynəlxalq festivallarda iştirak edən yalnız “Sarı gəlin” filmi olub. Ola bilər başqa filmlərimiz də var, amma həmin filmləri izləyən xarici tamaşaçı hadisələrin Azərbaycanla Ermənistan arasındakı münaqişəsindən bəhs etdiyini anlamaqda çətinlik çəkib.

 

Bizim filmdə isə konkret olaraq Ermənistanla Azərbaycan arasındakı münaqişə açıq şəkildə göstərilib, amma bu elə təqdim olunub ki, həm münaqişədə günahkar tərəf görünür, həm də kinematoqrafik yanaşma var. Düşünürəm ki məhz, mesajı, yanaşma tərzi filmin mükafat almasının başlıca səbəbidir.

 

Film festivalda Xocalı soyqırımı günü nümayiş olundu. Mükafatlandırma isə fevralın 27-də oldu. Mikrofona yaxınlaşıb Azərbaycan dilində 1992-ci ildə Xocalıda baş verənlər haqqında bildirdim. Orada öldürülən uşaqlar, qadınların statistikasını zalda oturanlara çatdırdım. Və bu mükafatın məhz xocalılar adına qəbul etdiyimi dedim. Çıxışım zala tərcümə olundu. İran paytaxtında festivalın mükafatlandırması zamanı Xocalı faciəsi haqqında başqa bir ölkədə az da olsa informasiya vermişəmsə buna sevinirəm.

 

 

- Qısametrajlı film layihələrinin səmərəliliyi. Bu barədə nə deyə bilərsən?

 

- “Yol” filminə dəstək olan hər kəsə buradan minnətdarlığımı bildirirəm. “Yol” kino layihəsi Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” müsabiqəsində qalib gəlmişdi. Filmin təqdimat mərasimi beynəlxalq Muğam Mərkəzində keçirilərkən də çox yaxşı qarşılanmışdı. Qeyd edim ki, filmin ssenarisini yazıçı Elçin Hüseynbəyli ilə birlikdə işləmişik. Onun “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında filmin ssenarisini birlikdə hazırladıq. Operator Rəşad Nuriyev, bəstəkar Firudin Allahverdi, rəssam Şahin Həsənli, rolları isə Qabil Quliyev və Rauf Şahsuvarov canlandırıb. Həll olunmuş ssenari, enerjili, mehriban komanda filmin uğuru üçün əsas amildir məncə...

 

- Uşaqlar zarafatla sənə “Fellini” deyirdi. Düzünü de, filmini ona oxşamaq üçün elə adlandırmısan?

 

- (gülür) “Yol” həm getməkdi, həm də qayıtmaq. O torpaqdan gedən də qayıtmalıdır...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147

Oxşar yazılar