Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...
VII YAZI
Əvvəl alça ağacı, sonra da ərik ağacı çiçəklədisə, demək, Novruz bayramı kəsdirib qapının ağzını... Bunu babam deyir.
Balaca quzular otuxdusa (dişləri çıxdısa), çölə, çəmənliyə çıxıb ot yeməyə başladısa, demək, Novruz qapımızı döyür. Bunu da atam deyir.
Novruz, bax budey, lap burnumun ucunda... - bu da nənəmin sözüdür. Amma burun ucu yaman şeydi, göynədisə, üzünü görmə.
Novruz bayramına on gün qalmış, axşam tərəfi bir də görərdik ki, fermanın itləri doldu kənddə, nə doldu... Kəndin itləri də qorxusundan qaçıb girdi damın altına və hərdən-hərdən bir-iki ağız başladılar hürməyə. İtlərin arxasınca adamlar görünərdi, hamısı da at belində, atların dalınca dayçaları, dayçaların dalınca kənd uşaqları... Onda bilərdik ki, ferma adamları - kişilər və arvadlar kəndə niyə gəlirlər. Səhər obaşdan kəndimizə təzə işləyən təpəl avtobusla rayona Novruz bazarlığı eləməyə gedəcəklər. Gələn adamların böyük bir hissəsi bizim kənd evində əylənərdi, bunlar olardı atam, anam, iki dayım və arvadları, iki əmim və arvadları, kənddə evi olmadığından bizim evə qonaq düşən atamın 3-4 çoban dostu və arvadları, hamısının yanında itləri, atları, dayçaları böyük-səs küylə girərdilər bizim həyətə. Belə hay-küy kəndimizin çox evlərində olardı.
Atları bağlardılar həyətimizin bir küncünə, qabağına ot-alaf atardılar. Bu köçün komandanı əsasən anam olardı, ona görə ki, anam qayınlarını və qardaşlarını özü evləndirmişdi, onların da ağzı nədi anamın sözünün üstündən bir söz desin...
Fermadan gələn itlərə babam “gəzəyən itlər” deyirdi, əsasən bu itlər görüntü üçün, sanki qələbəni qeyd eləmək üçün parad (parad doqquzacan oxuyan atamın sözüdür) itləri idi, hamısı tumarlı, quyruqları da belində. Fermanı qoruyan itlər belə itlərə baş qoşmazdılar və fermadan bir metr də olsun aralanmazdılar.
Gələn itlər həyətimizi “oblava” edərdilər, ağacların dibini “sulardılar”. Atamın bir sualı yadıma düşür. Sual beləydi ki, cavan əniklər (köpəklər) özlərini nə vaxt tanıyır? Cavabını bilmədim. Atam dedi ki, nə vaxt ki ənik arxa ayağının birini qaldırıb çöpün və ağacın dibini suladı, bil ki, həddi-buluğa çatıb. Lap qabaqlar bir sual da vermişdi atam: - qoyun yatanda yerə ilk dəfə hansı hissəsi dəyir? Mən dedim quyruğu, atam dedi, nəfəsi. Çünki qoyun iyləmədiyi yerdə yatmır.
Fermadan gələn kişilər çox yaxşı geyinərdilər, əsasən bu olardı, xrom çəkmə, təzə dördkünc kepka və ya adi papaq, bəzən də qəlifeyi şalvar... və sair. Sonra hey fikirləşirdim ki, niyə bunlar belə geyirlərmiş... Sən demə, çobanlar, xüsusən də aşıqlar özlərini Stalin yoldaşa bənzədirlərmiş, aşıqlarımız da belə geyirdilər, Stalin aşıqları çox sevirdi, tarzənləri yox, aşıqların bir neçə qurultayını keçirmişdi. Atamgil və aşıqların çoxu bu cür geyimlərinin səbəbini bilmirdi, sələfləri belə eləmişdi, onlar da bunu milli geyim kimi qəbul edirdilər.
Arvadlar adətən geyinərdilər çust, tirmə şal, “qirbişin”, “qrimplin”, “palatnoy”dan allı-güllü paltarlar...
Mən çox sevinirdim, elə bil bayram təkcə mənim bayramım idi. Ona görə ki, səhər məni də bazara aparacaqdılar, ikincisi, aldıqları ayın-oyunların yanına məni gözətçi qoyacaqdılar, bunun da zəhmət haqqı kimi hər ev yiyəsi mənə bir nəlbəki qoz-fındıq verərdi.
Səhər gedərdik rayona. Girərdik bazara. Kişilər dişləri ilə qoz və fındıqları qırıb yoxlayardılar. Anam əsasən fındığın nəmliyinə fikir verərdi, qozun da ağlığına və qaralığına. Guya bu sahədə anam mütəxəssis sayılırdı, hamı onunla məsləhətləşirdi. Nənəm tanrı bəxtəvəridi, o cür gəlini var. Ona görə ki, anam həm ziyarət, həm də ticarət eləməyi bacarırdı. Yox yerdən pul qazanırdı. O fermadan gələndə satmaq üçün 30 kiloqrama qədər pendir və ya başqa yavanlıq - şor, yağ, qatıq, bundan sonra 500-ə qədər yumurta gətirib bazarda satardı, əvəzinə hər cür bayramçalıq alardı. Elə ki tərəkəmə arvadları yağ-pendir satılan yerə girdilər, bazar arvadları tez anamı behlərdi, bilirdilər ki, dəstənin xozeyini anamdı, o da ticarətin anası, bir az o yan-bu yana baxardı ki, görüm daha yaxşı alıcı varmı? Bundan sonra anamı ilk yaxalayan arvad ilkin iqtisadi əlaqə kimi mənim əlimə iri qırmızı alma verərdi, bir az da qiyməti qaldırardı, bundan sonra anam razılaşardı, gətirdiklərini istədiyi qiymətə xırıd elərdi, sonra keçərdi qoz-fındıq almağa.
Kənddə yaşayan əmim lap əhli-kefin biridi, qoz-fındıq almaq adı ilə girərdi bazara, dişiylə hər satıcıdan iki qoz iki fındıq qırıb yeyərdi, guya xoşuna gəlmədi, sonra keçərdi o birisinə, bu minvalla qarnını doyurub çıxardı bazardan. Əmim deyirdi ki hər gün bazara gəlib belə eləyirəm. Deyirəm, əmim az aşın duzu deyil, onda gərək tərəkəmə olmaya.
Düz bazarın ortasında artıq mən torbalara gözətçi dayanmışam. Hamı alır, gətirir, mən də kisələri sayla qəbul edirəm. Elə bu zaman yaxınlıqdakı fındıq satanla dayım arvadının bərk davası düşdü. O dedi, bu dedi. Birdən fındıq satan dayım arvadına lap ağır söz dedi:
- Buna bax, tərəkəmənin eşşəyi, lap itə oxşayırsan, qoyun başı yeyənlər... gəlib burda adam olub.
“Qoyun başı”nı başa düşdüm, tərəkəmələr qoyun başından yaxşı şilə (şorba) bişirirlər, bəs eşşəklə itin nə əlaqəsi?
Elə bu zaman dayım arvadı ayağının birini irəli, birini geri qoyub, aldı görək nə dedi:
- Aaaz, balıq başı yeyən (adətən tərəkəmələr də yerli camaata balıq başı yeyən deyir), itə sən oxşayırsan, başburutda (pasportda) mənim bir şəklim var, (baş barmağını dik tutaraq) bax belə!
Bu cür atışmadan sonra hər iki tərəf susduruldu. Çünki yerli camaatla tərəkəmələrin davası qoyun və balıq başına qədərdi.
Hər şeyi alandan sonra gələrdik kəndə. Çatan kimi anam nənəmə deyərdi ki, bazara od qoyulub, hər şey bahadı, yaşamaq qana çatıb (yəni qan bahasınadır).
Gözətçi paylarımı alıb, mən də özümə bir bayramçalıq torbası düzəldərdim.
Sonra köç qayıdardı Şirinquma - fermaya, qabaqda itlər, arxada dayçalar, dayçaların arxasınca kənd uşaqları.... Dərs bağlı olduğu üçün anamgil məni də fermaya aparardılar.
Anam bayramçalıqları yükün altında gizlədərdi, ilin axır çərşənbəsinə qədər mən xeyli onlardan oğurlayıb “xımır-xımır” yeyərdim.
Fermada Novruz bayramı ayrı cür keçirilirdi. İtlərin, atların sevinməyi ayrı aləm idi.
Fermada alaçıqların arası ən uzağı 10-15 metr olardı. Həmişə bir olan bu evlər bayram günlərində öz qonaqpərvərliklərini böyük səxavətlə bir-birinə göstərərdilər. Kişilər, arvadlar və uşaqlar bir-biri ilə sevinə-sevinə görüşərdilər. Elə bil birinci dəfədir görüşürlər, birinci dəfədir qonaq gedirlər. Qoyunlar kəsilərdi, qazanlar asılardı. Burda da əsas xozeyin anam idi. Evləri bir-bir gəzib göstəriş verərdi, birinə deyərdi düyünü çox ötürmüsən, birinə deyərdi qovurmanın duzu kəmdi. Kişilər də “mərə” deyilən bir yerə toplaşıb birinci kimin evinə qonaq getməyi müzakirə edərdilər. Halbuki, bu adamlar hər gün bir yerdə nahar edirlər, çay içirlər, söhbət edirlər. Atam həmişə deyərdi ki, birinci bizə gedək. O biriləri deyərdi, yox, bizə gedək. Axır ki, birinci bizə gəlməyə qərar verilərdi. Səhərdən bir-birinə kömək edib düyü bişirən qadınlar evlərinə gedib ərləri və uşaqları ilə təzədən bizə gələrdilər. Anamla arvadlar görüşüb öpüşərdilər, kişilər salamlaşardı. Elə bil səhərdən bir yerdə olan adamlar deyillər, birinci dəfə görüşürlər. Bir-biri ilə elə hal-əhval tuturdular ki, guya on illərdi bir-birilərinin üzünə həsrətdilər. Bir gün ərzində bütün fermadakılar bir-birinin evinə qonaq olardı. Bundan əlavə gedəndə qonaqlara Novruz payı qoyulardı.
Bir bayram lap gülməkdən öldük. Dayım arvadının aldığı qozların hamısı çürük çıxmışdı. O kövrəlirdi, biz gülürdük.
Evimizin yanında bir işıq dirəyi vardı, Novruz bayramında onun başına hər səhər bir qaranquş qonardı.
Anam qaranquşa qəribə sözlər deyərdi. İki sözü dəqiqliyi ilə yadımdadı: “Gətirdiyin şad xəbərdisə, görüm oğlun olsun, oğlunun da oğlu olsun”. Bu sözləri eşidən kimi qaranquş uçub gedərdi, elə bil anamdan bu sözləri, yəni alqışı muştuluq kimi alıb qaçardı.
Anam deyərdi ki, Novruzda bütün həşəratlara, ilanlara, siçanlara biz sözlə, hər şeyə yuvalarından torpaq üstünə çıxmağa rüsxət (izn) verilir. Mən çox sevinirdim. Çünki fermada özümə bir qoduq, bir balax, bir buzov, bir təpəl quzu, bir ilan, bir siçan, bir koramal, bir tısbağa götürmüşdüm.
Günəşlə torpağın, odla suyun təmasını xəfif külək hər tərəfə yayardı. Hər yerdən üzərrik qoxusu gələrdi. Elə bil təbiət özü öz başına üzərrik yandırardı.
Novruz bayramında evlərdən sobaları götürərdik, onun yerinə rəngli xalılar sərərdik. Sanki evimizin içinə artırılmış o “genişlik” ruhumuzu doydurardı. Həmin xalının üstündə uzanıb şirin-şirin yatardım.
Novruz vaxtı qonşumuz, bizdən yaşca böyük olan Səfaralı tez-tez bizi ora-bura, dükana, poçta buyurardı, birimizi siqaret, digərimizi araq dalınca göndərirdi. Bir gün mən qətiyyətlə etiraz etdim. Onda gördüm ki, Səfəralı birdən-birə balacalaşdı, əlini boğazına aparıb ətindən tutdu, yeganə və əsaslı bir mənbədən sitat gətirib, xahiş elədi: “Axı mən səndən iki Novruz böyüyəm...”
Onda mən Səfəralının xahişini yerinə yetirərdim...
Axşam tonqal qalayıb, ətrafında doyunca oynaşar, üstündən tullanardıq. Köhnə paltarlardan, əski-üsküdən bir top düzəldib, uzun məftilə bərkidərdik, üç gün o əski topu neftdə saxlardıq. Tonqal alışan kimi hərə öz düzəltdiyi “şar”ı (nəyə görəsə onu belə adlandırırdıq) gətirərdi, məftilin ucundan tutub, topu alovda alışdırardıq, qolumuz gəldikcə fırladar və gücümüz yetdikcə uzağa atardıq. Bu da bir cür yarış sayılırdı. Kim uzağa atdı deyə yarışırdıq.
Tonqal sönəndən sonra alaçığa toplaşardıq. Dolu bayram süfrəsinin qırağına yığışardıq. Anam adətə uyğun olaraq südlü aş bişirirdi axır çərşənbədə. Qarnımız və səbrimiz tutana qədər yeyir, sonra torbamızı götürüb düşürdük evlərin canına. Qapı pusan kim, papaq atan kim... Yolda başqa papaqatanlarla görüşəndə hal-əhval tutardıq: “Nə qədər yığmısan” – deyə. Əslində o yığdıqlarımızın ehtiyacdan-filandan olmadığını da hamı bilirdi. Amma ən şirin payımız olurdu o torbadakılar bizim...
Evə gecəyarısı əldən düşmüş halda gəlib çatardıq. Qənimət torbamızı başımızın altına qoyub tozlu-torpaqlı da yatardıq. Onsuz da alaçıq təmiz deyildi – nənəm deyirdi ki, axır çərşənbə axşamı evi silib-süpürməzlər, onda bərəkət qaçır. Qoz-fındığın, konfetin-yumurtanın zir-zibilini səhər tezdən bizdən qabaq oyanan anam təmizlərdi...
Səhər tezdən anam evi təmizləyib, dəyənin künclərinə su çilərdi. Xeyir-bərəkət gətirir – deyirdilər. Bundan sonra yatağımızın üstünə su çiləyib bizi yuxudan oyadardı, deyərdi eeyy, qalxın uşaqlar, nə yatmısınız, Novruz gəlib - sonra o əlindəki su qabı ilə bizi həyətdə qovardı.
Mən isə dünən yandırdığımız tonqalın külünə baxıb, azca kədərlənərdim...