Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılıb
01 iyun 2015 19:49 (UTC +04:00)

Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılıb

Mayın 28-də Nyu-Yorkun (ABŞ) “Leila Heller” Qalereyasında tanınmış azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi açılıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərginin açılışının Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümü gününə - mayın 28-nə təsadüf etməsi rəmzi məna daşıyıb. Bu barədə danışan Aida Mahmudova deyib: “Çox şadam ki, mənim sərgimin açılışı bu fərəhli günə təsadüf edib”.

 

Tanınmış rəssam Şirin Neşat sərgi barəsində təəssüratını bölüşərkən çıxışında Aida Mahmudovanı YARAT-ın banisi kimi tanıdığını deyib: “Bu gün onun əsərlərini özüm üçün kəşf etdiyimə görə çox xoşbəxtəm. Əsərlər çox güclü təəssürat oyadır. Əminəm ki, sərgi Nyu-Yorkda böyük uğur qazanacaq. Burada rəngkarlığı çox sevirlər!”.

 

 

Qalereya sahibi Leila Heller çıxışında deyib ki, mənzərə özlüyündə universal hadisədir, rəssamların əsərlərində dəniz və ağaclara tez-tez təsadüf olunur, amma Aidanın tablolarında məhz Azərbaycanın, Abşeronun və Bakının bədii obrazları aşkar görünür.

 

Qeyd edək ki, azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Azərbaycan və Avropada çoxsaylı rəsm sərgilərinin iştirakçısı, hazırda isə ABŞ-da fərdi sərgisini təqdim edir. 

 

Professor Nərgiz Paşayeva deyib: “Zənnimcə, qızım Aidanın danışmaqdan və göstərməkdən çox iş bacaran və çalışqan insanlardan olduğunu desəm, yanılmaram. O, kiçik yaşlarından şəkil çəkir. Amma əsas məsələ bu deyil. Axı, uşaqlıqda və hətta sonralar da, demək olar, hamı şəkil çəkir. Amma uzun illər Londonda yaşayan və təhsil alan Aida burada əldə etdiyi akademik, nəzəri baza biliklərini anadan gəlmə rəssamlıq istedadı ilə uyğunlaşdırmağı bacaran əsl peşəkardır. Mənim üçün əsas məsələ budur ki, indi onun özünü rəssam adlandırmağa tam mənəvi hüququ çatır. Bu, birdən-birə baş verməyib. O, bütün şüurlu həyatı boyu bu məqsədə doğru addım-addım yol qət edib, demək olar, 20 il usanmadan öz üzərində çalışıb. Mən insanlarda peşəkarlığı və kimliyindən asılı olmadan öz peşəsinə davamlı və təmənnasız məhəbbəti çox yüksək qiymətləndirirəm. Rəssam, yaxud avtobus sürücüsü olsun, əgər o, peşəkardırsa, həmişə daha artığına layiq olmağa haqqı var. Peşəkar heç vaxt “Bax, bunu etməyi bacarmıram, bunu bilmirəm, ona görə də bunu etməyəcəyəm” deməkdən çəkinmir, qorxmur və daim “Mən bacararam, mən istəyirəm və mən edəcəyəm” deyən qeyri-peşəkarlardan da elə bununla fərqlənir.

 

Mən şadam ki, Aida ciddi, çalışqan və peşəsində özünə tənqidi yanaşan insandır. Onun yanında özünü arxayın hiss edirsən, çünki uğurlarını o, özü qazanıb. Nyu-York sərgisi bunu bir daha göstərdi və sübuta yetirdi. Mən gördüm ki, dünyanın müasir incəsənət mərkəzi olan bu şəhərin peşəkar çevrələri onu orada rəssam kimi tam obyektiv qəbul edib qiymətləndirdilər. Sərgidə çoxları Aidanın mənim qızım olduğunu bilmirdilər, yaxınlaşıb onu yaxından tanıyıb-tanımadığımı soruşur, əsərlərini gerçəkdən və səmimiyyətlə tərifləyir, rəssam kimi təqdir edirdilər. Bu gün mən də onu tərifləmək istəyirəm. Xüsusən də ona görə ki, mən bunu tez-tez etmirəm və ona “Afərin!” deyirəm”.

 

Vernisaja muzey və təsisatların nümayəndələri, tənqidçilər, qalereya sahibləri, tanınmış rəssamlar və diplomatik şəxslər gəliblər. Tanınmış rəssamlar Şirin Neşat, Şodja Azəri, Əfruz Amiqi, Emiliya Kabakova, Vaşinqtondakı Hirşhorn Muzeyinin direktoru Melissa Çiu, sənətşünaslıq doktoru Şiva Balaqi, “Barbara Gladstone” Qalereyasının direktoru Karolin Luçe və dünya art-birliyinin digər nümayəndələri qonaqlar arasında olublar. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov da qonaqlar arasında olublar. Açılışı qeyd etməyə üç yüzdən çox adam toplaşıb.

 

Sərgi mətbuatın diqqət mərkəzində olub: Endi Uorxollun 1969-cu ildə təsis etdiyi “Interview” jurnalı rəssamdan böyük müsahibə alıb, nüfuzlu “PaperMag” resursu “Ötüb keçərkən...” sərgisini Nyu-Yorkun on ən yaxşı sərgisi siyahısına daxil edib.

 

Sərgi iyulun 3-dək davam edəcək.

 

“Ötüb keçərkən...” ("Passing By…") sərgisində Aida Mahmudovanın 8 irihəcmli rəsm tablosu təqdim olunur. Əvvəlki əsərləri kimi, bu əsərlər də nostalji hisslər və yaddaş mövzusunda qurulub. Aida Mahmudova öz yaradıcılığında təbiətdən və anadan olduğu, hazırda yaşadığı və çalışdığı Azərbaycandan, Abşeron mənzərələrindən ilham alır. Bu rəsm silsilələrində Mahmudova sanki anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik abu - havasını görməyə və hiss etməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq, yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova, əksinə olaraq, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə, lakin formaca mükəmməl tikililərə cəlb edir. Belə ki, bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Mahmudova bu diqqətdənkənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hisslər ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələri ilə əlaqədar sosial-antropoloji baxışlar öz əksini tapır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar

“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb

“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb

23 iyul 2024 , 19:36
Son illərin ən yaxşı 20 qorxulu filmi

Son illərin ən yaxşı 20 qorxulu filmi

23 iyul 2024 , 11:48
Prezident ona “Xalq artisti”  fəxri adı verdi

Prezident ona “Xalq artisti” fəxri adı verdi

22 iyul 2024 , 15:44
Hacı İsmayılov sədr seçildi

Hacı İsmayılov sədr seçildi

22 iyul 2024 , 15:17
Sevgi haqqında 5 ən gözəl roman

Sevgi haqqında 5 ən gözəl roman

22 iyul 2024 , 13:55
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 iyul 2024 , 00:10
Azərbaycan mahnısını mənimsəyən erməni müğənninin mahnısı "YouTube"dan SİLİNDİ

Azərbaycan mahnısını mənimsəyən erməni müğənninin mahnısı "YouTube"dan SİLİNDİ

12 iyul 2024 , 21:33
Dünya klassik ədəbiyyatının 10 ən gözəl nümunəsi

Dünya klassik ədəbiyyatının 10 ən gözəl nümunəsi

12 iyul 2024 , 17:07