“Dədə Qorqud” dastanından Dəli Domrulun hekayəsini eşitmiş olarsınız. Çölün düzündə karvan keçən yolun üstündə körpü tikir, körpüdən keçəndən bir axça alır, keçməyəndən iki axça. Sözünə baxmayanı da tutub döyürmüş. Camaat da dözür. Nə eləsinlər? “Dəlidir, nə eləsə yeridir deyib susurlar”.
Aparıcı Mətanət Əliverdiyevanın apardığı proqram yadıma saldı Dəli Domrulu. Məzmunu ilə ən qədim dastanımızı xatırlatdığına görə yox a...
Deməli bu xanım verilişinə “Getmə”, “Tufan var” adlı mahnıları ilə trendlərdə olan Ceyhun Səmədov adlı müğənnini (mahnısı bir aya 2 milyon baxış yığıb) dəvət edib. Proqramda Manaf Ağayev və Ülviyyə Namazova qonaq olublar.
Ceyhun deyib ki, bu proqram mənim konseptimə uyğun gəlmir, Manaf Ağayevlə mən eyni proqramda nə edəcəyik? Deyib və qana düşüb. Manaf Ağayev mikrofonu alıb əlinə, küskün ədayla deyib ki, bala, sən çörək tapmayacaqsan. “Allah heç vaxt onun ruzisini verməyəcək. Bir əsr də keçsə də, Ceyhundan Manaf olmayacaq”.
Ceyhun Manaf olmaq istəsəydi, gəlib oturardı də dizinin dibində, yanaşardı, öyrənərdi. Bu gəncin öz janrı, öz dəsti-xətti var. Niyə Manaf olmalıdır ki?
Bəyəm, bu gün muğam oxuyanlarımız hamısı Xan Şuşinski, popçuların hamısı Tarkan olmaq istəyir? (Hərçənd səviyyə baxımından qəribə bənzətmədi). Bir də ki, kim Allahın vəkilidir ki, onu verəcəyi qərarlarla bağlı belə əminliklə danışır?
Mətanət Əliverdiyeva isə efirə çıxmaq istəməyən müğənnini qınamaqla qalmayıb, lağ obyektinə də çevirib. “Tufan var” mahnısını lağa qoyaraq “Hidrometeroloji proqnozlar bürosundan idi həmin o oğlan, yoxsa necə?”, - deyə, bir ifadə səsləndirib. Mahnının adına lağ ediləsi nə var? Siz bəyəm o qalmaqallı “Külək idi, əsdi keçdi” ifadənizi işlədəndə Hidrometeroloji Proqnozlar Bürosunda işləyirdiniz? Xanım aparıcı efir libasında şpaqat açanda ayıb olmur, gənc bir ifaçı efirə çıxmaq istəməyəndə ayıb olur?
Hər kəsin seçim hüququ var. Ceyhun heç kimi təhqir, şəxsiyyətinə toxunmayıb, sadəcə verilişə çıxmaq istəməyib, normaldır, haqqıdır. Bundan ötrü bu qədər qalmaqal yaratmaq, insanı ələ salmaq nə dərəcədə doğrudur?
Görünür, Ceyhun Səmədov yaxşı oxuduğu kimi, yerini də yaxşı bilir. “Yox” deməyi bacarır. Mətanət xanımın hərəkəti isə suallar yaradır.
İstedadlı bir gənci yaradıcılığının ən başında bu şəkildə qamçılamaq, əzməyə çalışmaq nə dərəcədə peşəkardır? Ümumiyyətlə, illərin təcrübəsi, peşəkarlıq aparıcıya təhqir haqqı verir? Kimisə proqrama çağırıb, gəlməyəndə onu təhqir eləmək bir növ şantaj sayılırmı?