Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib.
Lent.az-ın məlumatına görə, Mehriban xanımın təyinatına sevinənlərlə yanaşı, sevinməyənlər də var.
Mehriban Ələkbərzadə öz dəsti-xətti, yaradıcı üslubu olan, işgüzar insandır. Bəs, onun gəlişi ilə teatrda hansı yeniliklər olacaq? “Azdrama”nın kollektivi ən çətin kollektiv kimi tanınır. Bu onu qorxudurmu?
Bu suallarla Mehriban xanımın özünə müraciət etdik.
"Bu, mənə doğma kollektivdir. 25 il öncə teatrda ilk addımlarımı Dram Teatrında atmışam və uzun illər burada çalışmışam. Çətinliyə gəlincə, çətinlik hər yerdə, həmçinin bu teatrda da var. Əsas məsələ bütün problemlərin öhdəsindən layiqincə gəlməkdir”, - o bildirib.
“Sizin gəlişinizlə teatrda hansı yeniliklər olacaq?” sualımıza cavab olaraq bədii rəhbər bildirib ki, əsas məqsəd Azərbaycan teatrının inkişafına xidmət etməkdir:
“Əsas meyar teatrın inkişafına xidmətdir. Buna görə müəyyən çəki-düzən veriləcək. Hələlik tanışlıq mərhələsindəyəm, araşdırıram. Görülən işlərlə tanış olduqdan sonra müəyyən planlaşdırmalar olacaq”.