Futbol üzrə 2026-cı il Dünya Çempionatı azarkeşlərə həyəcan dolu anlar yaşatmağa davam edir. Bu zamanda matçlardan əlavə, futbolun pərdəarxasını, məşhur klubların uğur yolunu və əfsanəvi futbolçuların həyat hekayələrini əks etdirən sənədli filmlər də böyük maraq doğurur. Sözügedən ekran işləri izləyiciyə yaşıl meydanda görünməyən hadisələri və futbol dünyasının bilinməyən tərəflərini yaxından tanımaq imkanı yaradır.
Lent.az futbol həvəskarlarının mütləq izləməli olduğu ən maraqlı filmləri təqdim edir.
"All or Nothing: Manchester City"
Bu film "Mançester Siti" (İngiltərə) klubunun 2017-2018 mövsümündə qazandığı tarixi çempionluğu bütün detalları ilə təqdim edir. Baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında komandanın 100 xalla çempionluğa gedən yolu, paltardəyişmə otağındakı atmosfer, məşq prosesi və klub rəhbərliyinin fəaliyyəti tamaşaçıya göstərilir.

"First Team: Juventus"
Bu ekran işi "Yuventus" klubunun futbolçularının gündəlik həyatını, məşq prosesini və komandanın böyük hədəflər uğrunda mübarizəsini əks etdirir. Sənədli film "Yuventus"un təkcə klub deyil, həm də böyük futbol mədəniyyətinin simvollarından biri olduğunu göstərir.
_1783496256.webp)
"Napoli: A Football City"
Bu sənədli film futbolun bir şəhərin kimliyinə necə çevrildiyini nümayiş etdirir. "Napoli" klubunun azarkeşlərinin komandaya sonsuz sevgisi, futbolçular üzərindəki gözləntilər və şəhərin özünəməxsus futbol mədəniyyəti ekran işinin əsas mövzusudur.
_1783496297.webp)
"Boca Juniors 3D: The Movie"
Film Cənubi Amerika futbolunun coşğulu atmosferini tamaşaçıya çatdırır. "Boka Xuniors" klubu və onun əfsanəvi "La Bombonera" stadionu ətrafında formalaşan azarkeş mədəniyyəti və futbol sevgisi sənədli filmin əsas xəttini təşkil edir.

"Les Bleus: Une autre histoire de France"
1996-2016-cı illər arasında Fransa milli futbol komandasının keçdiyi yol bu ekran işində ətraflı təqdim olunur. Komandanın uğurları, böhran dövrləri və yenidən yüksəlişi ilə yanaşı, milli yığmanın Fransa cəmiyyətində tutduğu yer də diqqət mərkəzindədir.

"Becoming Zlatan"
Sənədli film "Milan"ın əfsanəsi Zlatan İbrahimoviçin uşaqlıq illərindən Avropa futbolunun ulduzuna çevrilənədək keçdiyi yolu nümayiş etdirir. Onun xarakteri, çətinlikləri və fərqli futbol fəlsəfəsi ekran işinin əsas mövzusudur.

"The Two Escobars"
Kolumbiyada futbol və cinayət dünyasının kəsişdiyi dramatik hadisələri əks etdirən bu sənədli film narkobaron Pablo Eskobar ilə futbolçu Andres Eskobarın talelərini paralel şəkildə təqdim edir. 1994-cü il Dünya Çempionatından sonra Andres Eskobarın faciəli ölümü ekran işinin ən təsirli məqamlarından biridir.

"The Class of 92"
Bu sənədli film "Mançester Yunayted" klubunun əfsanəvi futbolçularının formalaşmasından bəhs edir. Devid Bekhem, Rayan Giqqz və digər gənc istedadların yüksəlişi, həmçinin baş məşqçi Aleks Ferqyusonun onların karyerasındakı rolu geniş şəkildə işıqlandırılır.
