Bakı səhnəsində ukraynalı rejissordan “Kənd namusu”
07 iyun 2011 12:48 (UTC +04:00)

Bakı səhnəsində ukraynalı rejissordan “Kənd namusu”

İyunun 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Pyetro Maskaninin “Kənd namusu” operasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu opera Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün istedadlı ukraynalı rejissor Nikolay Tretyakı Bakıya dəvət edib.

N.Tretyak həm Ukraynada, həm də bir sıra xarici ölkələrdə çoxlu sayda operalar səhnəyə qoyub. Onun quruluş verdiyi tamaşalar Fransa, Danimarka, Almaniya, İsveçrə, İspaniya, Portuqaliya, Yaponiya kimi ölkələrdə ifa olunmuş və hər zaman yüksək rəylər qazanıb. O, dünyanın bir sıra məşhur opera ifaçıları və ulduzları – Nikolay Qyaurov, Mirella Frenni, Mikki Salminen, Veselina Kazarova və başqaları ilə birlikdə çalışıb.

Premyera tamaşasında Azərbaycanın xalq artisti, Vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Qərinə Kərimova (Santutsa), əməkdar artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), həmçinin teatrın solistləri Səbinə Vahabzadə (Lüçiya) və Səbinə Əsədova (Lola) iştirak edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar