Qədim Kartaxena şəhərinin əsası eramızdan əvvəl 227-ci ildə İspaniyada, İberiyanın cənub-şərqində qoyulub.
Tədqiqatçılar qrupu İspaniyanın cənub-şərqində, Mursiya muxtar icmasında yerləşən Aralıq dənizi şəhəri Kartaxenada Roma teatrının dəhlizini bəzəyən divar rəsminin fraqmentlərinə rast gəlib. Bu barədə “Heritage Daily” yazır.
APA xarici KİV-lərə istinadla xəbər verir ki, məlum olduğu kimi, qədim şəhər eramızdan əvvəl 227-ci ildə Roma Respublikasının qədim Roma siyasi, dövlət və hərbi xadimi Stsipion tərəfindən salınıb.
Eramızdan əvvəl V-I əsrlər arasında qədim romalılar burada kütləvi tamaşalar və mərasimlər üçün 7 min tamaşaçı üçün böyük monumental teatr tikiblər. Teatr imperator Oktavian Avgustun nəvələri Qay Sezar və Lutsi Sezara həsr edilib.
Teatrın özü 1988-ci ildə Regional Sənətkarlıq Mərkəzinin tikintisi zamanı aşkar olunub. Sonradan burada arxeoloji tədqiqatlar aparılmağa başlayıb və tikilinin özünün bərpa edilərək açıq səma altında muzeyə çevrilməsinə qərar verilib.
Bu yaxınlarda tədqiqatçılar qrupu tərəfindən böyük divar rəsminin 2 mindən çox fraqmenti tapılıb.
Əvvəllər aşkar edilmiş 1500 fraqmentə yeni elementlər əlavə olunub ki, bu da tədqiqatçılara rəsmin orijinal formasına qaytarılması prosesini daha dəqiqliklə davam etdirməyə imkan verib.
Bərpa prosesi hələ ilkin mərhələdədir, lakin rəsmdə bədii xüsusiyyətlərə əlavə olaraq Roma fiqurları da görünməyə başlayır.