Dünyanın ən varlı insanları iki trilyon dollara yaxın kasıblaşıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ildə dünya üzrə milyarderlər təxminən iki trilyon dollar itiriblər.
Məlumata görə, zənginlərin ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb.
Milyarderlərin sayı 2671-dən 2523-ə düşüb. Ən çox zərər bu il 1 trilyon dollar itirən 300 texnoloji milyarderə dəyib. Məsələn, "Amazon"un səhmləri demək olar ki, 50 faiz dəyər itirdiyi üçün, nəticədə şirkətin qurucusu Ceff Bezos 80 milyard dollar itirib.
Nəşr varlılar arasında İlon Maskı ən çox varidat itirən adlandırıb. 2022-ci ildə onun sərvəti 115 milyard dollar azalıb. Ümumilikdə amerikalı milyarderlər 660 milyard dollar, çinli milyarderlər 620 milyard, rusiyalı milyarderlər isə 150 milyard dollar itirib.
Mask dekabrın 14-də dünyanın ən varlı adamı statusunu itirib. Biznesmen LVMH-nin rəhbəri Bernard Arnault və ailəsindən sonra ikinci yeri tutur. Amerikalı sahibkarın sərvəti 147,9 milyard dollar, Arno və ailəsinin sərvəti isə 179,3 milyard dollar dəyərində qiymətləndirilir.