Dünyanın ən qədim sevgi məktubu 540 ildən sonra araşdırılıb. Bu məktub klassik bir dilemmanı, sevgi ilə pulun qarşıdurmasını təsvir edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, "MyHeritage" mütəxəssisləri 1477-ci ilin fevralında yazılmış məktubu analiz etmək üçün yeni "Scribe AI" süni intellekt alətindən istifadə ediblər.
Məlumdur ki, dünyanın ən qədim sevgi məktubu Marceri Brüs adlı qadın tərəfindən yazılıb və nişanlısı III Con Pastona ünvanlanıb. Mətn onların yaxınlaşan toyu üçün nəzərdə tutulan cehiz razılaşmalarına işarə edir. Təəssüf ki, tədqiqatçılar üçün bu məktubu oxumaq həddindən artıq çətin idi.
Alimlər süni intellektdən istifadə edərək mətni deşifrə edib analiz edə biliblər. Nəticələr göstərib ki, məktub qeyri-rəsmi üslubda, bir neçə şəxsi incəliklə və "orfoqrafiyaya xüsusi diqqət yetirilmədən" yazılıb.
Tədqiqatçıların fikrincə, bir çox tarixi məktubları müasir oxucuların ilk baxışdan başa düşməsi çətindir. Lakin əsas məlumatların qısa xülasəsi bu insanların kim olduğunu, emosiyalarını, tarixi konteksti və sənədin əhəmiyyətini sürətlə izah edir.
Ekspertlər qeyd edirlər ki, bu sevgi məktubu Norfolkdan olan bir ailənin üç nəsli tərəfindən yazılmış 400-dən çox məktubdan ibarət möhtəşəm "Paston məktubları" kolleksiyasının bir hissəsidir. Analiz göstərib ki, məktub arxivi Pastonların kəndli təbəqəsindən aşağı aristokratiyaya yüksəldiyi dövrün sosial mobilliyini əks etdirir. Bu məktubların bir çoxu qadınlar tərəfindən yazılıb, bir neçəsi isə qohumlara və ya yaxın tanışlara ünvanlanıb.
İlk baxışdan dünyanın ən qədim sevgi məktubunu anlamaq olduqca çətindir, lakin yeni tədqiqatda alimlər buna nail ola biliblər. Məlum olub ki, məktubun müəllifi anqlo-sakson "torn" (thorn) hərf işarəsindən, eləcə də bəzi köhnə ixtisarlardan, o cümlədən buraxılmış "m" hərfini bildirən işarədən və müxtəlif sətirüstü indekslərdən istifadə edib.
Tədqiqat zamanı alimlər məktubun təsvirlərini "Scribe AI" proqramına yükləyiblər və bot onun əsl mənasını sürətlə üzə çıxarıb. Araşdırma nəticəsində məktubun 1477-ci ilin fevralında Topkroftda yazıldığı məlum olub (sonradan tarix 1476/7-ci ilin fevralı kimi qeyd edilib).
Məktubun mətnində miss Brüs nişanlısına yazır ki, anası atasını cehizi artırmağa razı sala bilmədiyi üçün "ürəyi çox ağırdır". Bununla belə, o, Conu sevdiyinə əmin edir və bildirir ki, hətta maddi vəsaiti indikindən iki dəfə az olsa belə, onu tərk etməyəcək. O, həmçinin məktubun gizli saxlanılmasını xahiş edir.