Xalq artisti Aygün Kazımova diplomatik pasportdan istifadə etməsi haqda mətbuatda yayılmış xəbərə münasibət bildirib.
Axşam.az saytına açıqlamasında sənətçi deyib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil:
“Belə bir pasportumun olmasını çox istəyərdim. İnşallah, bir gün diplomatik pasporta da layiq görülərəm. Mən hansı rəngdə pasport işlədirəmsə, onunla qürur duyuram. Bu, xəbəri yazan saytın mənə qarşı növbəti şər və böhtanıdır.
Məlumatda prodüserim olaraq təqdim edilən Almaz Mustafayevanın bunu təsdiqlədiyi bildirilir. Almaz Mustafayeva heç vaxt mənim prodüserim olmayıb. Onunla telefonda tamam başqa mövzularda danışılıb”.
Xatırladaq ki, dünən aznews.az saytında Aygün Kazımovanın ötən ilin noyabrından diplomatik pasport əldə etməsi haqda xəbər yayılıb. Yazıda qeyd edilib ki, qanunvericilikdə xalq artistlərinə diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb.