Bir vaxtlar Azərbaycanda populyarlıq qazanmış, uzun müddətdir Rusiyada yaşayan Sərxan Sərxanın 21 dekabrda Beynəlxalq Muğam Mərkəzində yaradıcılıq gecəsi keçirilib. Müğənninin çıxışından əvvəl Lent.az-a verdiyi müsahibəni təqdim edirik:
- Sərxan bəy, uzun müddətdən sonra sizi Bakıda görməyə şadıq. Azərbaycana gələndə hansı hissləri keçirdiniz?
- Çox sevinirəm ki, artıq bu axşam Bakıdakı tamaşaçılarım ilə görüşəcəyəm. Bilirsiniz ki, müəyyən səbəblərə görə çoxdandır Bakıya gələ bilmirəm. Pandemiya düşdü, sonra 44 günlük Vətən Müharibəsi başladı. Ancaq bu il imkan yarandı, Bakıya gəldim.
- Sizin digər konsertlərinizi də dekabr ayında təşkil etməyiniz diqqətdən yayınmır. Bunun xüsusi səbəbi var?
- Moskvadan ilin axırında gəlirəm deyə, Bakıdakı tamaşaçılarla dekabrda görüşməli oluram. Hesab edirəm ki, bu, mənim vətəndaşlıq borcumdur.
- Bakı üçün darıxmışdınız?
- Bakı üçün həmişə darıxıram. Çox sevirəm Bakını. Burada anadan olmuşam, uşaqlığım burada keçib. Hamı deyirdi ki, nə vaxt qayıdacaqsınız? Bakıdan həmişəlik getməmişəm. Çünki ürəyimin yarısı burada qalıb. Düzdür, Sovet vaxtı təhsil üçün tərk elədim vətənimi. Ancaq müvəqqəti getmişdim. Sonra orada sənət fəaliyyətimi davam etdirdim. Amma müvəqqəti idi o da.
- Mediadakı məlumatlara əsasən, deyə bilərik ki, sənətinizə görə çox şeyləri qurban vermisiniz. Hətta şəxsi həyatınızı belə. Davamlı konsertlər, çıxışlar, pərəstişkarlar və s. Sənətinizdəki uğurlarınız da az deyil. Bunun sirri nədədir?
- Bunun birinci sirri çalışmaqdır. Ondan əlavə səmimi olmaqdır. Gərək, heç kimi aldatmayasan. İnsanların sənə və sənətinə inamı olmalıdır. Tamaşaçı sənə pula, statusa görə inanmamalıdır. Oxuduğun mahnılara görə, özünə görə səni sevməlidir. Tamaşaçı görür ki, səhnədə də, realda da səmimisən, səni sevirlər. Düzdür, uzun müddət əzab-əziyyət çəkirsən. Heç vaxt da populyarlığa fikir vermirdim. Məşhurluğu kredit kimi görürdüm. Elə bilirdim müvəqqətidir. Düşünürdüm ki, illərdir işləyib o krediti qaytarmalıyam.
- Sərxan bəy, sirr deyilsə, bilmək olarmı necə belə cavan qala bilirsiniz?
- Yenə də deyirəm, səmimiyyət.
- Yəni nə yeyib-içirsiniz ki, üzünüzdə qırış yoxdur? Səsiniz də yaşınıza baxmayaraq, kifayət qədər güclüdür.
- Yemək-içməyə də fikir verirəm. Ancaq fiziki cəhətdən də, mənəvi cəhətdən də gərək təmiz olasan. İdmanla məşğul oluram. Nəfsimi nəzarət altında saxlayıram.
- Bəs dua necə? Dua edirsiniz?
- Nə yalan deyim? Yox (gülür). Sovet uşağıyam. Niyə aldadım sizi? Bilirsiniz, inam hər insanın daxilində var. Hərənin inancı özünə görədir. İnsafın varsa, inamın da var. İstər xristian ol, istər yəhudi, istərsə də başqa dinə ibadət et. Öz işindir. İnsanlara pislik etmirsənsə, əməlin düzdürsə, deməli, yaxşı adamsan. Vəssalam.
- Sizin ən populyar mahnınız “Ay gecikən məhəbbətim”dir. Bu mahnı həyatınıza təsir edibmi?
- Gələn il bu mahnının 40 yaşı olacaq. İndi görün, mənim neçə yaşım var? (Gülür). Bu, Azərbaycanca oxuduğum ilk mahnımdır. Bibimoğlu şeiri gətirdi mənə, oxudum və tanındım. Sözləri Tofiq Bayramlıya məxsusdur. Mahnı illərdir yaşayır. Onu da deyim ki, “Ay gecikən məhəbbətim” mahnısının taleyimə böyük təsiri olub.
- Özünüzü klassik estrada ifaçısı hesab edirsinizmi? Sənətə yeni gələnlərə nələri tövsiyə edərdiniz?
- Özümü Azərbaycanın klassik estradasının sonuncu ifaçısı hesab edirəm. Zamanın öz tələbləri var da. Qınamaq olmaz cavanları. Gənclərə məsləhətim odur ki, mahnının sözləri peşəkarcasına yazılsın. Musiqini də həmçinin. Sözlər və musiqi bir-birini tamamlasın. Onda keyfiyyətli mahnı alınır. Eləcə də, ifaçı gözəl şəkildə ifa etsin. İndiki dövrdə təəssüf ki, musiqiləri təhsilsizlər bəstələyir. Sözləri də özünü şair hesab edən təhsilsizlər yazır. Ona görə də səviyyəsiz mahnılar çoxdur. İncəsənət kütləvi ola bilməz.
- Nəyə görə?
- Ona görə ki, kütləvi halda olanda bazar olur. Amma var “butik”. Məsələn, görürsünüz, operaya və ya klassik musiqiyə hamı qulaq asmır. Biz deyə bilmərik ki, bu, pis musiqidir. Onu başa düşə bilən dinləyir. Klassik estrada da belədir. Bu janrı da insanların başa düşməsi üçün gərək, radio və televiziyalarda klassik estrada musiqiləri səslənsin. Keyfiyyətli musiqi təbliğ olunmalıdır. Toy müğənnilərini də qınamıram. Pul qazanmalıdırlar axı. Sovet dövründə kim toyda ifa edirdisə, onları “qara siyahı”ya salardılar. Onların dövlət televiziyası və radiosunda çıxış etməsinə icazə vermirdilər. İndi isə əksinədir. Kim toya gedirsə, televiziyalarda da çıxış edirlər. Toy gəlib səhnəyə. Belə olmamalıdır. Səhnə toya gedə bilər, ancaq toy səhnədə olmamalıdır. Hər janrın öz yeri var.