İstanbulda baş vermiş qəsdən od vurma və silahlı hücum hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 7 şübhəlinin mobil telefonlarında diqqətçəkən yazışmalar aşkarlanıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, istintaq materiallarına əsasən, şübhəlilər sosial şəbəkədə "Blok" adlı qrup yaradıblar. Həmin qrupda repçi Blok3 ləqəbi ilə tanınan Hakan Aydının qaldığı otel, istifadə etdiyi avtomobillər və yerləşdiyi məkan barədə məlumatlar paylaşılıb. Hüquq-mühafizə orqanları bu yazışmaların sənətçiyə qarşı mümkün hücum hazırlığına işarə etdiyini ehtimal edir.
Araşdırma zamanı müəyyən edilib ki, təxminən bir ay əvvəl İstanbulun Beşiktaş rayonunda baş verən qəsdən od vurma hadisəsi və Beylikdüzündə qeydə alınan silahlı hücum eyni şəxslər tərəfindən törədilib. Müşahidələrdən sonra şübhəlilərin Bodruma getdiyi müəyyənləşdirilib.
İstanbul və Muğla polisinin birgə keçirdiyi birgə əməliyyat zamanı, aralarında iki qadının da olduğu 7 nəfər saxlanılıb. Onların üzərində və qaldıqları ünvanlarda aparılan axtarış zamanı 4 ədəd qanunsuz tapança, 6 daraq və 88 patron aşkarlanaraq götürülüb. Şübhəlilər ifadələrində ittihamları qəbul etməyərək, Bodruma yalnız istirahət məqsədilə gəldiklərini və heç kimə qarşı sui-qəsd planlaşdırmadıqlarını bildiriblər.
İfadələri alındıqdan sonra məhkəməyə çıxarılan 7 şübhəli barələrində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.


