Fransalı qadın, milyonçunun həyat yoldaşı olan Anna Hollivud aktyoru Bred Pittin adından istifadə edən internet fırıldaqçılarının qurbanı olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 53 yaşlı Anna, 2023-cü ildə sosial şəbəkələrdə hesab açmağa qərar verdi. O, dağ-xizək kurortunda istirahətindən fotolar paylaşmaq istəyirdi. Bu zaman ona “Instagram” vasitəsilə "Bred Pittin anası" Ceyn Etta Pittdən bir mesaj gəlib. Mesajda o, oğlunun Anna kimi bir qadına ehtiyacı olduğunu bildirib.
O dövrdə Anna öz evliliyində rədd edilmiş hiss edirdi və əri ilə münasibətlərinə şübhə ilə yanaşırdı. Nəticədə, o, "Hollivud ulduzu" ilə yeni münasibətə ümid edərək boşandı və Bred Pittlə ünsiyyətinin həyatını dəyişdirəcəyinə inandı.
Bred Pitt olduğunu iddia edən dələduz çox tez bir zamanda Annanın etimadını qazandı, ona romantik şeirlər və sevgi dolu mesajlar göndərdi. Hətta "bahalı zinət əşyaları və çantalar" hədiyyə etdi. Lakin bu bağlamaları almaq üçün Anna 5 000 avrodan çox gömrük rüsumu ödəməli oldu.
Daha sonra dələduzlar "Bredin" təcili müalicəyə ehtiyacı olduğunu bildirdilər — guya ona böyrək xərçəngi diaqnozu qoyulmuşdu və Ancelina Coli ilə məhkəmə çəkişmələri səbəbilə onun hesabları dondurulmuşdu. Bu səbəbdən Anna "əməliyyatlar" üçün yüz minlərlə avro ödəyib. Cavab olaraq "Bred" minnətdarlıq ifadə edib və xəstəxana palatasından guya öz şəkillərini göndərib.
Anna, həqiqi Bred Pittin sevgilisi İnes de Ramonla birlikdə çəkilmiş şəkillərini görəndə hekayənin doğru olmasına şübhə etməyə başlayıb. Lakin dələduzlar onu inandırmağa davam edərək süni intellekt vasitəsilə hazırlanmış saxta video göndəriblər. Videoda guya bir jurnalist aktyorun həqiqi münasibətinin məhz Anna ilə olduğunu iddia edirdi.
Anna həqiqi Bred Pittin sevgilisi İnes de Ramonla birlikdə çəkilmiş şəkillərini yenidən görəndə dələduzların qurbanı olduğunu başa düşdü. O vaxta qədər Anna artıq dələduzlara 830 min avro — milyonçu əri ilə boşandıqdan sonra qalan bütün əmanətlərini köçürmüşdü.