“Sizlərdən üzr istəyirəm. Amma o sözləri mən yox, SMM işçim yazıb”.
Bu sözləri aktyor və şoumen kimi tanınan Kamran Razmovar “instaqram” hesabında etdiyi açıqlamada bildirib.
Belə ki, son iki gündə sosial şəbəkələrdə Razmovarın Ermənistanın tanınmış vizajist ustası Goar Avetisyanın paylaşdığı posta yazdığı şərh geniş müzakirə olunur. Rusiyada yaşıyan və orada fəaliyyət göstərən erməni vizajistin sözügedən postu 2018-ci ilə paylaşdığı məlum olub. Kamran Razmovar həmin posta rus dilində şərh yazıb. Şərhdə qeyd olunur:
“Siz çox istedadlısınız. Mən hər zaman sizi izləyirəm. Müharibə istəmirəm”.
Bu şərh çoxsaylı izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Daha sonra Kamran Razmovar sosial media hesabında post paylaşaraq yazılanlardan xəbəri olmadığını bildirib:
“İlk olaraq hamınızdan buna görə üzr istəyirəm. Amma onu da deyim ki, bunu mən yazmamışam. 2018-ci ildə yazılan həmin şərhi mənim SMM işlərimə baxan köməkçim yazıb. Səbəbi isə odur ki, həmin dönəmlərdə biz səhifənin aktivliyini artırmaq və daha çox tanınması üçün rusiyalı sənətçilərin səhifələrinə şərhlər yazırdıq. Daha çox insan görsün və tanısın deyə. O, bilmədən həmin vizajistin də səhifəsində şərh yazıb. Mən bunu biləndə çox təəccübləndim. Sizlərdən bir daha üzr istəyirəm. Təbii ki, mən o şərhi sildim. İyul ayının 12-dən bütün sosial media hesablarımda ordumuzu dəstəkləyəcək postlar paylaşıram və onlara inanıram. İnanıram ki, qələbə bizim olacaq”.
Xatırladaq ki, iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda həmin istiqamətdə döyüşlər davam edir.