“Bəhram Bağırzadənin vəziyyəti stabildir. Xəstə aktivdir, şikayəti yoxdur. Bu gün Mərkəzi Gömrük Hospitalının həkimlərinin konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb”.
Bu barədə APA-ya Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
Mərkəzi Gömrük Hospitalının kollektivi əməkdar artistə tezliklə tam sağalmağı arzulayıb.
***
16.19
Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb.
Bu barədə APA-ya B.Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.
O bildirib ki, B. Bağırzadə bu gün xəstəxanadan evə yazılıb.
Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.
Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.