Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Zərərçəkənlərdən Aslan Qəhrəmanov ifadəsində bildirir ki, Maqsud Mahmudov onun 650 min manatdan çox pulunu mənimsəyib:
“Dostum 120 min dollar dəyərində “Mercedes” S klas götürmüşdü. Maqsud bir dəfə dedi ki, MTN-ə işim düşüb. Mənə təcili pul lazımdı. Söylədi ki, mənə 500 min manat pul lazımdı. Axşam dostlarımla birlikdə gəldik restorana orada söhbət elədik. Mənə dedi ki, obyektini ver, 590 min manata satım. Razılaşmadım. Maqsud ağladı. Sonra məni yola gətirib obyektini 310 min manata satdılar. Alqı-satqı elədik. Alan vətəndaşlar bank vasitəsilə pulu ödədi. Maqsud həmin pulu da götürdü, dostumun da maşınını satdı o pulu da götürdü. Mən ona dost kimi köməklik etmişəm. Sonradan Maqsud qaçdı, getdi. Hər dəfə Ukraynadan zəng edirdi ki, gəlib sənin pulunu verəcəm. İnandım. Ağlıma belə gəlməzdi ki, evimdə çörək kəsən, anama ana deyən adam mənə pul atar”.
A.Qəhrəmanov əgər Maqsud borcunu geri qaytarmasa, nəslini qıracağını vurğulayıb:
“İstintaq müddətində bəzi söhbətlər açıldı ki, Maqsud mənə pulu atıb. İstintaqda deyib ki, mən ona pul verməyəcəm. Danışıq olmuşdu ki mənə 500 min manat borclu idi. Amma mən ona dollarla vermişdim pulu, dollar 1.05 manat idi. Sonradan dollar da bahalaşdı. Ümumilikdə 615 min manat alıb. Amma mən həmin obyektin icarəsi ilə dolanırdım. Həmin vaxtdan icarə də almıram. Maqsud kimə nə qədər borcludur, özü bilər. Maqsud, mənim pulumu verməsən, nəslini qıracağam".