Rusiyanın Moskva vilayətində kafenin yaxınlığında bir nəfərin ölümü ilə nəticələnən atışmaya görə Azərbaycan vətəndaşı 13 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, təqsirləndirilən şəxs 2023-cü il dekabrın 22-də gecə saatlarında Vidnoye şəhərindəki restoranlardan birinin yaxınlığında iki tanışı ilə mübahisə edib. Dava atışmaya çevrilib və bu zaman o, rəqiblərinə atəş açaraq, qaçıb.
Kişilərdən biri yerindəcə keçinib. İkinci yaralı həkimlər tərəfindən xilas edilib. Təqsirləndirilən şəxsə qarşı adam öldürmə, adam öldürməyə cəhd və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb.
İşin istintaqı çərçivəsində axtarışlar aparılıb, 50 şahid dindirilib, 30-dan çox məhkəmə-tibbi ekspertizası təyin edilərək həyata keçirilib. Toplanmış sübutlar münsiflər heyəti və məhkəmə tərəfindən hökm çıxarmaq üçün yetərli hesab edilib.
Münsiflər heyətinin hökmü əsasında məhkəmə həmin şəxsi 13 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.