Şəmkirdə qadının əri tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, qətlə yetirilən 33 yaşlı Aynurə Orucovanın qaynanası ilə vaxtaşırı mübahisələri olub.
Bunu APA-nın əməkdaşına mərhumun atası Elman Orucov deyib. Onun sözlərinə görə, son vaxtlar qızının ailəsində problemlər yaranıb. Qətl bu söz-söhbətlərdən sonra baş verib. Hadisə mərhumun 3 azyaşlı övladının gözü önündə baş verib.
Qeyd edək ki, hər iki şəxs yaxın qohum olub.
***
16.29
Şəmkirdə qətl hadisəsi olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 33 yaşlı Aynurə Orucovanın öldürülməsi barədə ilkin məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 39 yaşlı Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.