Azərbaycanda Koreya təcrübəsi öyrənilir
14 may 2013 18:11 (UTC +04:00)

Azərbaycanda Koreya təcrübəsi öyrənilir

Koreya Respublikasının Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında “Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi”nin həyata keçirilməsi ilə bağlı 2011-ci ildə qrant razılaşması təsdiq edilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən layihənin icrası ilə bağlı səlahiyyətli qurum İqtisadi İnkişaf Nazirliyi, Koreya tərəfindən isə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyidir (KOİCA).

 

Koreyalı ekspertlər Bakıda səfərdədirlər. Bu gün İqtisadi İnkişaf Nazirliyinin və KOİCA-nın birgə təşkilatçılığı ilə “Azərbaycanda Xüsusi İqtisadi Zonaların və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi”nin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri və koreyalı ekspertlər iştirak ediblər. Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, sənaye parklarının yaradılması və idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu söyləyib.  

 

Layihənin Koreya tərəfindən rəhbəri, professor Jong On Yoon xüsusi iqtisadi zonaların və sənaye parklarının yaradılması və idarə olunması sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. O layihənin ölkələrimiz arasında əlaqələrin inkişafına da müsbət töhfə verəcəyini bildirib. Qrant razılaşması çərçivəsində 2011-ci ildən etibarən həyata keçirilən bu layihə sənaye parklarına dair Koreya təcrübəsinin Azərbaycanda yaradılacaq sənaye parklarında tətbiqi baxımdan əhəmiyyətlidir. KOİCA-nın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Kim En-Suk öz çıxışında sənaye parkları və xüsusi iqtisadi zonalara dair birgə tədqiqatların aparılmasını zəruri sayıb və nazirliyin Yekun Hesabatla bağlı bütün qeydlərinin nəzərə alındığını bildirib.

 

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri, layihənin Azərbaycan tərəfindən rəhbəri Zaur Qasımov və koreyalı ekspertlər çıxış ediblər. Sənayeləşmə siyasəti və sənaye parklarının inkişafı, sənaye parklarının yaradılma mərhələləri, inkişaf strategiyaları, insan resurslarının gücləndirilməsi və s. məsələlərlə bağlı müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar