Qaz təsərrüfatı sahəsində həyata keçirilən yeniliklər və tətbiq olunan müasir texnologiyaların öyrənilməsi məqsədi ilə Qazaxıstan Respublikasının qazpaylayıcı şirkətlərindən bir neçəsinin nümayəndə heyəti ilə SOCAR “Azəriqaz” İB-də görüş keçirilib.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə əsas məqsəd son vaxtlar ölkəmizdə qaz ölçü sistemini təkmilləşdirmək istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, ağıllı sayğacların, smart rəqəmsal İOT və Aİ platformaların, LoraWan şəbəkəsinin tətbiqi məqsədilə SOCAR “Azəriqaz” İB və Presight Aİ LTD-nin birgə pilot layihəsi ilə tanışlıq olub.
Nümayəndə heyətinə pilot layihənin təqdimatı keçirilib və onları maraqlandıran məsələlər müzakirə edilib. Görüşün sonunda pilot layihənin tədbiqinin nəticələri ilə yerində tanış olmaq üçün qonaqlar həmin əraziyə aparılıb.
Qeyd edək ki, pilot layihə Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazidəki yaşayış massivində tətbiq olunur. Sınaq və yoxlama işləri tamamlandıqdan sonra növbəti mərhələdə layihənin digər bölgələrdə də tətbiqi nəzərdə tutulur.