“2023-cü ilin 7 ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı Xidmətinə 554 min 162 müraciət daxil olub”.
Lent.az xəbər verir ki, bu sözləri Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Qurum rəsmisinin sözlərinə görə təkcə iyul ayı ərzində Birliyə daxil olan müraciətlərin sayı 53 min 647 olub. "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə sosial şəbəkə üzərindən ünvanlanan dəyişdirilmiş qaz sayğacının (əvvəlcədən ödənişli) köhnə kartında olan məbləğin yeni karta necə köçürülməsi ilə bağlı suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə bunun üçün abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır. “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşan şəxslər şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart-kartları təqdim etməlidirlər. Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər”, - deyə şöbə rəisi qeyd edib. Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.