“Azərkosmos”un Nizamnaməsi və strukturu təsdiqləndi
24 dekabr 2010 17:14 (UTC +04:00)

“Azərkosmos”un Nizamnaməsi və strukturu təsdiqləndi

Nazirlər Kabineti “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə qərar verib. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, “Azərkosmos”un bütün səhmləri dövlətə məxsusdur və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

“Azərkosmos” hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. Ayrıca əmlakı var, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

“Azərkosmos” üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş, Nazirliyin və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Komitəsindən razılıq alınmaqla həyata keçirilir. “Azərkosmos” xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərini qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) aldıqdan sonra həyata keçirə bilər. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə cavabdeh deyil. Dövlət də “Azərkosmos”un öhdəlikləri üçün cavabdeh deyil və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

“Azərkosmos”un əsas məqsədi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarətdir. Cəmiyyət bu məqsədlərə uyğun olaraq, sərəncamında (istifadəsində) olan peyk, peyk sistemləri və yerüstü qurğuların istismarı ilə bağlı aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- Qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi məqsədi ilə dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi;
- Peyk və peyk sistemləri vasitəsilə peyk rabitəsi, telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet xidməti, radio və televiziya yayımı, habelə məsafədən qəbuletmə, şəkil çəkmə üzrə xidmətlərin təşkil edilməsi və göstərilməsi;
- Telekommunikasiya peyklərinin orbitə çıxarılması məqsədi ilə peykin istehsalçısının, buraxılma vasitəsinin və sığorta şirkətlərinin seçilməsi işlərinin təşkil edilməsi;
- Azərbaycan Respublikasına Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ayrılmış orbital mövqelərin imkanlarının artırılması üçün təkliflərin hazırlanması, orbital mövqelər üzərində hüquqların qorunması və beynəlxalq peyk rabitəsi təşkilatlarında iştirak və əməkdaşlıqla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi;
- Peyk sistemlərinin, telekommunikasiya peyklərinin idarə edilməsi və istismarı, peyk xidmətlərindən istifadə üzrə yerüstü sistemlərin, o cümlədən yerüstü kosmik peyk rabitə vasitələrinin quraşdırılmasının, təchizatının təşkili və istismar edilməsi;
- Peykdən səmərəli istifadə edilməsi, kommersiya fəaliyyətinin təşkil edilməsi və digər məsələlər üzrə əməkdaşlıq edilməsi məqsədi ilə kosmik (peyk) operatorlarla əlaqələrin yaradılması;
- Peyk xidmətlərinin inkişaf etdirilməsi baxımından kosmik fəaliyyət, o cümlədən peyk, raket daşıyıcı texnologiyaları sahələrində əlaqədar qurumlarla, digər hüquqi şəxslərlə faydalı kommersiya və elmi-texniki əməkdaşlığın həyata keçirilməsi, peyk xidmətlərinin, informasiya texnologiyalarının inkişafı məqsədi ilə elmi araşdırmaların təşviq edilməsi və dəstəklənməsi;
- Fiksasiya olunmuş rabitə sistemlərinin kosmik kompleksinin yaradılması və çoxfunksiyalı kosmik retranslyasiya sistemlərinin, nəqliyyatın hərəkəti ilə bağlı informasiya xidmətlərinin təşkili üzrə tədbirlərin görülməsi;
- Peyk xidmətlərinin göstərilməsi ilə əlaqədar olaraq, elektromaqnit siqnallarına çevrilə bilən informasiya növlərinin peyk telekommunikasiya sistemləri vasitəsilə ötürülməsinin və qəbulunun təşkili;
- Telekommunikasiya peyk şəbəkəsinin inkişafı üçün çoxfunksiyalı fərdi kosmik rabitə və verilənlərin ötürülməsi, peyk rabitəsinin yayım texnologiyası üzrə yeni texniki komplekslərin yaradılması, habelə peyk naviqasiyası sisteminin təşkili və peyk naviqasiya xidmətlərinin göstərilməsi;
- Məsləhət və layihələndirmə xidmətləri daxil olmaqla, ölkə daxilində və xaricdə peyk xidmətlərinin və peyk avadanlıqlarının, proqram təminatlarının satışı, o cümlədən müvafiq satış şəbəkəsinin yaradılması;
- Peykin idarə olunması və istismarı, peyk xidmətləri və onların marketinqi, orbital mövqenin koordinasiyasının aparılması və digər kosmik operatorlarla əlaqələrin tənzimlənməsi üzrə kadrların hazırlanmasının təşkil edilməsi;
- Cəmiyyətin nümayəndəlik və filiallarının, tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi;
- Səlahiyyətləri çərçivəsində Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi;
- Cəmiyyətin əqli mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə olunması və onun barəsində sərəncam verilməsi;
- Fəaliyyət dairəsinə aid olan islahatların aparılmasına dair təkliflərin hazırlanması və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilməsi;
- Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq malların (işlərin və xidmətlərin) satın alınması, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müsabiqələrin (tenderlərin) keçirilməsi;
“Azərkosmos”un gəlirləri texniki yardım və qrantlardan, kreditlərdən, xidmət və istehsalatdan daxil olan və eləcə də qanunvericiliklə qadağan olunmayan mənbələrdən və fəaliyyət növlərindən daxil olan vəsaitlərdən ibarətdir. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir və əmlakının dəyəri onun balansında göstərilir. “Azərkosmos”un nizamnamə kapitalı 40 milyon manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 20 (iyirmi) manat olan 2 milyon ədəd sənədsiz, adlı, adi səhmlərdən ibarətdir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş qaydada ehtiyat, sığorta və digər fondlar yaratmaq hüququna malikdir.
Şəffaflığın təmin edilməsi üçün “Azərkosmos” illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin, Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borcludur.
“Azərkosmos”un ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyəti qanunvericiliklə və Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətləri daxilində Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. İdarə Heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarətdir. İdarə Heyətinin işinə sədr rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863

Oxşar yazılar