Azərbaycan-Serbiya biznes forumu keçirilib
26 noyabr 2012 16:42 (UTC +04:00)

Azərbaycan-Serbiya biznes forumu keçirilib

Serbiya Respublikasının baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfərin birinci günü - noyabrın 26-da Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyev və akademik Zərif Əliyevanın məzarını da ziyarət edib, üzərinə çiçək dəstələri düzüblər.

Nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın da xatirəsini ehtiramla yad ediblər. Sonra Rasim Lyayiç iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan və Serbiya arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında xüsusi əhəmiyyəti olduğunu söyləyib. Onun sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlığın inkişafında sabah 2-ci iclası keçiriləcək Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, 2010-cu ildə yaradılmış Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rolu böyükdür. İki ölkə arasında mövcud iqtisadi əlaqələrin, əməkdaşlıq perspektivlərinin, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib. Rasim Lyayiç hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını bildirib.

Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Serbiya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, turizm, neft-qaz, beynəlxalq avtomobil daşımaları, maşınqayırma sənayesi, tibb, özəlləşdirmə və s. sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib. Biznes forumda çıxış edən Şahin Mustafayev Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək 20-yə yaxın sənəd imzalanıb. Ticarət əlaqələri Azərbaycan və Serbiya arasındakı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 55,4%, 2012-ci ilin yanvar-sentyabr aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə artıb. Azərbaycanda 2 Serbiya şirkəti qeydiyyata alınıb. Biznes forumların, təqdimat, seminar və sərgilərin təşkilinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev indiyədək Azərbaycan və Serbiya arasında 4 biznes forumun keçirildiyini, iki ölkə arasında sənaye, kənd təsərrüfatı, inşaat və turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın investisiya ixracatçısına çevrilib. Serbiya da Azərbaycanın bu sahədə əməkdaşlıq etdiyi ölkələrdəndir. Ölkəmiz Serbiyaya yol tikintisi üçün kredit ayırıb.
Rasim Lyayiç isə ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə dilə gətirib. O, iş adamlarını fəal əməkdaşlığa dəvət edib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Serbiyanın Ticarət və Sənaye Palatasının prezidenti Miloş Buqarin ölkəsinin iqtisadiyyatı barədə təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında, həmçinin Azərbaycan Ticarət və Sənaye Palatası ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb. Sabah - noyabrın 27-də isə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153

Oxşar yazılar