İnsanların səyahətlərdən və müxtəlif yerlərdən xatirə əşyaları toplamaq vərdişinin tarixi yarım milyon il əvvələ gedib çıxa bilər.
Lent.az xəbər verir ki, Təl-Əviv Universitetinin alimləri qədim insanların rəngli daşları, qalıqları və köhnə daş alətləri xüsusi əşyalar kimi saxladıqlarını ehtimal edirlər.
Araşdırma İsraildəki bir neçə qədim yaşayış məskənindən əldə olunan arxeoloji tapıntılara əsaslanır. Məsələn, Kesem mağarasında başqa ərazilərdən gətirilmiş, praktik istifadəsi müəyyən edilməyən rəngli kiçik daşlar aşkarlanıb. Saxnin vadisində isə qədim insanların daş alətləri hazırlayarkən onların üzərindəki qalıqları və qeyri-adi geoloji naxışları qoruduqları müəyyən edilib.
Tədqiqatçılara görə, bu əşyalar qədim insanlar üçün keçmiş hadisələri və gördükləri yerləri xatırladan vasitələr ola bilərdi. Alimlər hesab edirlər ki, belə əşyaların toplanması şəxsi xatirələrin formalaşmasına, insanların öz təcrübələrini başqaları ilə bölüşməsinə və yaddaşın inkişafına təsir göstərmiş ola bilər.
Bununla belə, bu izah hələlik elmi fərziyyə olaraq qalır.