Rövnəq Abdullayev: “Atletiko” layihəsinin AFFA-ya heç bir aidiyyatı yoxdur” - MÜSAHİBƏ
01 may 2013 16:18 (UTC +04:00)

Rövnəq Abdullayev: “Atletiko” layihəsinin AFFA-ya heç bir aidiyyatı yoxdur” - MÜSAHİBƏ

AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Lent.az-ın məlumatına görə, Abdullayev əvvəlcə AFFA və “Bakcell” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Futbol Bakcell ilə” layihəsindən danışıb:

 

- Respublikanın müxtəlif bölgələrində artıq 125 belə meydança istifadəyə verilib. Bu da uşaq futbolunun inkişafına böyük təsir edir. Artıq “Bakcell”lə birgə məhəllə futbolunun inkişafı ilə bağlı yeni layihəyə start vermişik. Meydançalar AFFA tərəfindən tikilərək istifadəyə verilir, yarışları isə “Bakcell”ə birgə keçirəcəyik. Gözəl başlanğıc olacaq. Düzdür, məhəllə futbolu ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilir. Lakin aktiv şəkildə indi başlayacaq. Bütün məhəllələrdə uşaqların futbola cəlb edilməsi istiqamətində işlər görüləcək. Artıq məktəblər arasında yarışlar keçirilir. Məhəllələr arasında da buna start verildikdən sonra 8 - 12 yaş arasındakı uşaqlar futbola daha kütləvi şəkildə cəlb ediləcəklər. Bu gün açılışını etdiyimiz stadiona məşqçi təyin ediləcək və o, mütəmadi qaydada məşqlər keçəcək. Bu məhəllənin yaxınlığında yaşayan uşaqlar məşq prosesində iştirak edəcəklər. Axşam saat 6-dan sonra isə məhəllənin sakinləri bu meydançanın xidmətindən istifadə edə biləcək. Bələdiyyə ilə söhbətimiz olub, burada böyüklər arasında da yarışlar təşkil olunacaq. Bir sözlə, meydança bu əraziyə xidmət edəcək.

 

- Topaz Premyer Liqasında çempionluq mübarizəsinin “Neftçi” və “Qarabağ” arasında gedəcəyini demək olar?

 

- Hələ bunu demək tezdir. Hər şey ola bilər. Gələn mövsüm Premyer Liqa 10 komandanın iştirakı ilə 4 dövrədən ibarət keçiriləcək. Artıq “6-lıq” götürülür. “6-lıq” sisteminin çoxlu müsbət cəhəti ilə yanaşı, bir-iki mənfi cəhəti də var idi. Mövsümün yarısında öz oyununu taparaq, irəli getməyi bacaran komandalar “6-lıq”dan kənarda qalırdılar və həvəsdən düşürdülər. Biz bunu “Xəzər Lənkəran”da da, AZAL-da da gördük. Ona görə də çalışıb, bu problemi aradan götürürük. İndi 10 komanda bütün mövsüm boyu mübarizə aparacaq və bu zaman çempionatımız daha maraqlı olacaq. Ən vacib məsələ odur ki, biz də, siz də klublarla birgə çalışmalıyıq ki, azarkeşləri stadionlara gətirək. Əvvəllər deyirdik ki, stadionumuz yoxdur, gəlmirlər. İndi isə stadionlarımız da var, amma yenə də nəsə çatmır. Bu məsələdə siz jurnalistlərdən də çox şey asılıdır. Gərək intriqanı qızışdırasız ki, azarkeşlərdə də maraq artsın. “Neftçi” artıq rəqiblərini “Bakcell Arena”da qəbul edir. Stadionun ətrafında yerləşən binalarda 12 mindən artıq insan yaşayır. Lakin oyun zamanı həmin stadion dolmur. Hazırda 65 min nəfər tutumu olan stadionun tikintisi gedir. Ölkə başçısı həmin arenanın 2015-ci ilə qədər tikib təhvil verilməsini istəyir. Bu gün 12 min tutumu olan stadionu doldura bilmirik. Deməli, sizli-bizli hamımız günahkarıq. Stadiona azarkeş gəlməsə, futbolun inkişafından danışmaq çətin olacaq.

- “Kəpəz” və “Turan” lisenziya şərtlərini yerinə yetirə bilmədiyindən növbəti mövsümdə Premyer Liqada iştirak edə bilməyəcək. Bununla da Qərb bölgəsi ölkə çempionatının güclülər dəstəsində təmsil olunmayacaq. Bunu necə qarşılayırsınız?


- FİFA və UEFA lisenziyalaşdırma məsələsini ciddiləşdirib. Yəni federasiyaya qarşı ciddi cəza da verilə bilər. Bunu nəzərə alaraq, klubların qarşısına lisenziya işinə ciddi yanaşmaq tələbi qoymuşuq. Yəni, hər bir klub sənədlərini vaxtında qaydasına salmalıdır.

- Bəzi klublar oyunlara əcnəbi hakimlərin dəvət edilməsi məsələsini təklif edib. Bu fikirlə razısızmı?


- Bunun tərəfdarı deyilik. Avropada keçirilən oyunlara diqqət yetirdikdə, orda da hakim səhvlərinin kifayət qədər olduğunu görürük. Hakimlərin işinə ciddi nəzarət edirik. Onların vaxtı-vaxtında təlim-məşq toplanışı keçirməsinə şərait yaradırıq. Hakimlərimiz ildə ən azı 2 dəfə toplanış keçir, əcnəbi klubların toplanış zamanı keçirdiyi oyunları idarə edir. Gələcəkdə FİFA referilərimizin sayını da artırmaq istəyirik. Çempionatı keçirən təşkilat kimi ədalətli hakimlik bizim borcumuzdur. Buna nail olmaq üçün maksimum çalışırıq. Hazırda hansısa qərəzdən söhbət gedə bilməz. Oyunları Peşəkar Futbol Liqasının kameraları da çəkir. Bütün oyunlar yenidən izlənilir. Sadəcə, insan qərəzindən söhbət gedə bilməz.

- Legioner limitinin dəyişdirilməsi ilə bağlı hansısa qərar gözlənilirmi?


- Heç bir dəyişiklik gözlənilmir. Limiti dəyişərək meydana hər komandanın heyətində minimum bir 21 yaşadək futbolçunun çıxması tələbini qoymuşuq. Bunu etməklə gənc futbolçuların Premyer Liqada özlərinə yer tapmalarına şərait yaratdıq. Onu da qeyd edim ki, limiti dəyişən zaman klublar müəyyən problemlərlə qarşılaşır. Hələ ki, yüksək səviyyəli futbolçularımızın sayı kifayət qədər deyil. Bu nöqteyi-nəzərdən klubları da düşünməyə çalışırıq. Bu gün klubların qarşısına əvəzedici, eləcə də aşağı yaşlı futbolçulardan ibarət komandalar yaratmaq tapşırığı qoyulub. Onlara bu inkişafı davam etdirmək üçün kömək etməliyik.

- Bəs klublarla hansısa tövsiyə xarakterli görüşünüz gözlənilirmi ki, hakim səhvləri baş verən zaman onlar bunu qlobal problemə çevirməsin?


- Bu, bizdə xəstəlik halını alıb. Uduzan komandanın baş məşqçisi dərhal hakim idarəçiliyindən narazılıq edir. Ancaq komandanın oyunu qalıb kənarda. Mən də klub rəhbəri olmuşam, bu prosesləri bilirəm. Müəyyən klublara demişəm ki, bu məsələni etiraz əlaməti olaraq qaldıranlar ciddi cəzalandırılacaq. Peşəkar Futbol Liqası yarışların təşkilini üzərinə götürüb. Biz yarışları maksimum dərəcədə ədalətli keçiririk və buna daim çalışırıq. Hakimliyə qarşı aktiv çıxış edənləri cəzalandırırıq. Elə hakimləri də cəzalandırırıq. Məsələn, son oyunlardakı səhvlərə görə bir neçəsi cəzasını alıb. Bunlar insan səhvləridir. Elə epizodlar olur ki, nəticə çıxarmaq 50-nin 50-yə nisbətində qiymətləndirilir. Bunların hamısı araşdırılır, İntizam, Apellyasiya və Ekspert Komissiyasında baxılır. Bununla yanaşı, qərar qəbul olunub ki, hakimlərə verilən cəza açıqlanmasın. Harada görünüb ki, hakimləri ədalət məhkəməsinə çıxarsınlar. İnsan üçün ən böyük cəza pul cəriməsidir. Hakimlərə cəza da kəsilir, matçlara getmədiklərindən, qonorarsız da qalırlar, I divizionda oyun idarə etməyə də göndərilirlər. Amma biz bu cəzaları elan etmirik. Bir daha bəyan edirəm ki, maksimum ədalətli oyun keçirmək bizim şərəf borcumuzdur və bunu yerinə yetiririk.

 

- “Atletiko”ya qarşı əvvəlcə Azərbaycan yığmasının oynayacağı bildirilirdi, amma “Bakı ulduzları” adlı komanda meydana çıxdı…

 

- Bu, “Bakı” klubunun layihəsidir. Bura AFFA-nın heç bir dəxli yoxdur. Mətbuatdan oxumuşdum ki, görüşü AFFA və SOCAR təşkil edib. Bura AFFA-nın və SOCAR-ın heç bir aidiyyatı yoxdur. Bu, “Bakı” klubunun öz proqramı, öz layihəsidir.

 

- Sumqayıt Futbol Mərkəzinin I mərhələsinin tikinti işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələyə dərhal start veriləcəkmi? Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı hansı işlər görüləcək?

 

- Bu məqsədlə layihə hazırlanır. Gəncə və Tovuz şəhər stadionlarının örtüyünü AFFA-nın hesabına dəyişdirdik. Sumqayıt Futbol Mərkəzində isə 2 meydança və 2000 tamaşaçı tutumuna malik stadionlar salınacaq. Böyük stadionun layihəsi isə artıq hazırlanır və gələcəkdə inşasına başlanılacaq.

 

- Bu axşam Azərbaycan və Avropanın futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək. Oyundan nə gözləyirsiniz: şou, yoxsa əsl mübarizə?

 

- Əsas məsələ odur ki, maraqlı oyun keçsin, tamaşaçı gəlsin. Bu matçı təşkil etməkdə məqsədimiz tribunaları doldurmaqdır. Gördüyünüz kimi, İngiltərənin “Mançester Yunayted” klubunun sabiq hücumçusu Duayt York, Türkiyə yığmasının keçmiş oyunçuları Rüştü Rəçbərlə Hakan Şükürü dəvət etmişik. Həyata keçirdiyimiz layihələrlə uşaqların futbola marağını artırmaq niyyətindəyik.  

# 951
avatar

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50