Ülvi Həsənli 565 min manat qanunsuz vəsaiti dost və qohumlarının adına sənədləşdirib.
"Abzas Medi" komandasına məxsus "adsız kart" hesabları müəyyənləşdirilib.
Cinayət məsuliyyətinə cəlb edilmiş "Abzas Media" xəbər portalının rəhbərləri, həmçinin, onlarla əməkdaşlıq etmiş şəxs və qurumların işi üzrə istintaq prosesi davam etdirilir. Aparılan təhqiqatlar zamanı portal rəhbərı Ülvi Həsənovun, baş redaktor Sevinc Abbasovanın və layihə koordinatoru Məhəmməd Kekalovun qanunsuz qrant vəsaitlərini realizə etmək üçün faydalandıqları mexanizmlər barədə yeni detallar üzə çıxıb.
Müəyyən olunub ki, xarici təşkilatlarla bağlanılan, dövlət qeydiyyatından yayındırılan və qeyri-leqal formada icra edilən qrant layihələri üzrə verilmiş maliyyə vəsaitləri fərqli məkanlarda nəqdləşdirilərək götürülb. Bu layihələr üzrə hazırlanmış hesabat sənədlərinə baxış zamanı aydınlaşıb ki, Gürcüstanda fəaliyyət göstərən "TBC Bank", "Bank of Georgia" banklarında Ülvi Həsənovun adına açılmış hesablar üzərində böyük məbləğdə vəsaitlər dövr etdirilib. Məhəmməd Kekalovun da eyni banklarda hesab açaraq maliyyə dövriyyəsinə qatıldığı təsdiqlənib.
Onlar hesablarına daxil olmuş vəsaitləri bankomatlardan hissə-hissə, məsuliyyət yaratmayan məbləğlərdə nəqdləşdiriblər və Azərbaycana gətiriblər. Vəsaitin bir qismi Ülvi Həsənov və Məhəmməd Kekalovun özləri tərəfindən şəxsən götürülsə də, digər hissəsi onların qohimları və dostlarının adına sənədləşdirilib. İstintaq Ülvi Həsənov və Məhəmməd Kekalov tərəfindən belə qanunsuz prosesə cəlb edilmiş "dost və qohumların" siyahısını müəyyənləşdirib. Hazırda dəqiqləşdirmə işləri aparılır.
Təhqiqatlar zamanı o da bəlli olub ki, bəzi layihələr üzrə vəsaitlər Londonda adsız bank kartlarına yüklənilib və "Abzas Media" təmsilçilərinə verilib. London bankları üzərindən ötürülən vəsaitlərin nəqdləşdirilməsi üçün "Abzas Media" portalının rəhbər şəxsləri özlərinin ailə üzvləri, qohumları və dostlarının adlarından da istifadə ediblər. Qohum, dost və ailə üzvlərinin kartlarına köçürülən vəsaitlər Bakı şəhərində "Bank of Respublika", "Turan Bank", "Yapı Kredi Bank" və digər banklara məxsus bankomatlarından kiçik məbləğlərlə götürülüb. İstintaq prosesinin gedişində bütün bu əməliyyatları təsdiq edən sənədlər müəyyənləşdirilərək götürülüb.
565 min 665 manat vəsait nağdılaşdırılıb, bir o qədər vəsait isə layihələndirilib
Təhqiqat prosesinin gedişində "Abzas Media" komandasını qanunsuz qrant vəsaitləri ilə maliyyələşdirən təşkilatların adları, həmçinin, bu təşkilatlar tərəfindən ötürülən vəsaitin ümumi məbləği də müəyyənləşdirilib. Bəlli olub ki, Ülvi Həsənov və komandasına 2020-2023-cü illərdə
USAİD tərəfindən bir tranş üzrə 30 min dollar vəsait verilib. Sonradan məbləğ artırılıb. Artırılmış vəsaiti çatdırmaq üçün USAİD-lə əməkdaşlıq edən "DT Global" təşkilatından istifadə edilib. "DT Global" üzərindən "Abzas Media"ya 98 min 600 avro vəsait ötürülb. "Milli Demokratiya Fondu" isə qeyd edilən dövr ərzində "Abzas Media" komandasına 55 min 350 dollar çatdırıb.
Siyahıda digər xarici donorların da adları keçir. 2020-2023-cü illərdə "Abzas Media" komandası üçün "Praqa Vətənbdaş Cəmiyyəti" təşkilatı 50 min 600 dollar; "German Marshall Fondu"nun "Regional Əməkdaşlıq üzrə Qara Dəniz" təşkilatı 24 min 900 dollar; ABŞ-ın Azərbaycandakı səfirliyi 21 min 954 dollar; "İnternews" təşkilatı 12 min dollar; "People in Need" təşkilatı 11 min dollar; "Niderland Helsinki Komitəsi" 5 min avro; "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti" 4 min 110 avro; "Norveç Helsinki Komitəsi" 4 min avro; "Freedom House" təşkilatı 2 min 400 dollar; "Amerika Beynəlxalq Təhsil Şurası" 2 min 400 dollar; Almaniyanın Azərbaycandakı səfirliyi 1.500 avro; Fransanın Azərbaycandakı səfirliyi 700 avro vəsait ayırıblar. Ümumilikdə 113.910 avro və 210.794 dollar (565 min 665 AZN) məbləğində vəsait götürülüb. Bu vəsaitlərin alınmasına dair ödəniş sənədlərinin nüsxələri müəyyən edilib.
Amma xarici təşkilatların "Abzas Media" adına dövr etdirdikləri maliyyə vəsaitinin məbləği bununla yekunlaşmır. Təhqiqat zamanı 210.468 dollar və 77.815 avro məbləğində (təqribən 500 min manat) ilkin layihələndirilmiş qarnt sənədləri aşkar edilib.
Məlumat üçün qeyd edək ki, "Abzas Media" üzərindən icra edilmiş bütün bu "qrant" layihələri Azərbaycanda qeydiyyatdan yayındırılıb, qeyri-leqal formada reallaşdırılıb. Layihələr üzrə maliyyə vəsaitləri Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilib, hüquqi prosedurlardan gizlədilib.
Külli miqdarda pul vəsaitinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə "Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və maliyyə koordinatoru Məhəmməd Kekalov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda müvafiq istintaq tədbirləri həyata keçirilir.(milli.az)