“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo yenə qalmaqallı açıqlama ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı alman həmkarı Yürgen Kloppa söz atıb.
“Liverpul”un hollandiyalı müdafiəçi Vircil Van Diyki 75 milyon funt-sterlinqə (təxminın 85 milyon avro) transfer etməsinə münasibət bildirən Mou jurnalistlərin yadına Kloppun sözünü salıb: “Sizin yerinizə olsam, Kloppdan Poqba transfer olunanda dediyi sözləri soruşardım”.
Belə ki, 2016-cı ildə Pol Poqba 89 milyon funta (100 milyon avro) “Yuventus”dan “Mançester Yunayted”ə keçərkən Klopp bu cür açıqlama vermişdi: “Doğrudur, ola bilsin ki, digər klublar çox pul xərcləyirlər və top-oyunçular alırlar. Əgər siz 100 milyona oyunçu alırsız və tezliklə o, zədələnirsə, bütün əməyiniz heç olur. Mənim əlimdə hətta çox böyük məbləğ olsa da, klubun transfer siyasətini fərqli qurardım”.
Mourinyo əlsində əsas niyyətinin Van Diyk transferini tənqid etmək olmadığını qeyd edib: “Mən təkcə bu keçidi demirəm, ümumiyyətlə, indi transfer bazarında çox bahalıqdı. Van Diyk futbol tarixinin ən bahalı müdafiəçisidir, amma gəlin görək o, Maldini, Berqomi və ya Ferdinanddan daha yaxşı futbolçudu? Sadəcə indi şərait belədi. Ya ağılasığmaz məbləğ ödəməlisən, ya da yox. Ödəməsən ən yaxşı oyunçular sənin komandanda olmayacaq. Hər şey bu qədər sadədi. Ona görə də, “Liverpul”u tənqid etmək mənasızdı”.