Bu gün İranda baş verən etiraz aksiyaları zamanı daha 9 nəfər öldürülüb. APA-nın məlumatına görə, bu barədə “Sky News” İranın dövlət televiziyasına istinadən məlumat verib. Bildirilir ki, 6 etirazçı İsfahan vilayətinin Qəhdərican şəhərində polis bölməsinə hücum zamanı öldürülüb. Onlar polis bölməsindən silah oğurlamağa cəhd ediblər.
Məlumata görə, Xomeinşəhr şəhərində 20 yaşlı gənc və 11 yaşlı uşaq öldürülüb.
Nəcəfabadda İran İslam İnqilabı keşikçilərinin bir nümayəndəsi həlak olub.
Bununla da son 6 gündə İranda baş verən etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bu ölkənin Şura Məclisinin xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında ölkədə baş verən olaylara görə ABŞ və İsraili ittiham edib. İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.
Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.