“Bura metronun “Arsenal” stansiyasıdır. Bizdən cəmi 3 dayanacaq aralıdadır. “Emirates” stadionu həmin stansiyanın yaxınlığındadır”. Böyük Britaniyanın paytaxtı Londonda qaldığım otelin inzibatçısı əlimdəki metro xəritəsində qələmlə “Arsenal” stansiyasını dairəyə alaraq belə dedi.
İddiaçılar Turnirində istirahət günü idi. Bir gün öncə “Uembli” stadionunda gördüklərimi Lent.az üçün yazıya çevirdikdən sonra “Arsenal”ın İngiltərə Premyer Liqasında “Redinq”lə keçirəcəyi oyuna baxmaq istəyirdim. Bu klubun ev arenası “Emirates” çox da aralıda deyil. Bilirdim ki, matçı jurnalist kimi izləməyim alınmayacaq. Çünki bunun üçün ən azı 2 həftə əvvəldən oyuna akkreditə olunmalı idim. Bileti isə hələ əldə etməmişdim. Stadionun kassalarından tapa biləcəyim ümidi ilə yola çıxdım.
Qırmızı şalvarlı gənc
Metro Londonda ən sərfəli nəqliyyat vasitəsidir. Çünki stansiyalar bir-birinə yaxındır deyə, istənilən məkana getmək üçün piyada çox yol qət etməli olmursan. Həm də qatarlar arasındakı interval çox qısa olduğundan, uzun müddət gözləmək lazım gəlmir. Amma avtobusla gedərkən, tıxac problemi yaşaya bilərsən. “Arsenal” stansiyasının yaxınlığını da nəzərə alaraq, metro ilə getməyə qərar verdim. “Kinqs Kross” stansiyasından keçən qatara mindikdə, vaqonda qırmızı şalvarlı gənc diqqətimi çəkdi. Açığı, qeyri-adi qəbul etdim. Oğlan hara, qırmızı şalvar hara? Amma demə, bu oğlanın belə geyinməkdə məqsədi var imiş. “Arsenal”ın oyununa getdiyini öyrəndikdən sonra biletin qiyməti ilə maraqlandım. “İndiyə bilet qalmaz. Olsa da, 50 funt sterlinqdən aşağı məbləğə tapa bilməzsiniz” dedi. Özünün isə 1000 funta başa gələn mövsümlük abunə kartı ilə getdiyini bildirdi. Vaqondakı digər insanların əynində qırmızı rəngli şərf də, gödəkcə də, köynək də görmək olardı. Yaşlısı da vardı, cavanı da. Hamısı “Arsenal” azarkeşi idi. London metrosunda fotoşəkil çəkməyə qadağa qoyulmadığından, onları öz razılıqları ilə görüntülədim. Demə, bütün vaqonlar “qırmızı” fanatlarla dolu imiş...
Burada hər şey “Arsenal”
“Arsenal” stansiyasından çölə çıxan eyniadlı klubun tərəfdarları saya-hesaba gəlməzdi. Burada hər şey “qırmızı” idi, burada hər nə vardısa, yalnız bu klubu xatırladırdı. Stansiyanın qarşısındaca komandanın növbəti ev oyunları barədə afişa vurulmuşdu. Elə də geniş olmayan küçə boyunca “Arsenal”ın atributları satılan piştaxtalar düzülmüşdü. Fanatlar küçə boyunca ingiliscə müxtəlif şüarlar səsləndirərək, irəliləyirdilər. Yüksəklikdəki “Emirates” stadionuna aparan yol körpü üzərindən keçirdi. Burada divarlara klubun məşhur futbolçularının şəkilləri vurulmuşdu. Stadiona qalxan pilləkənlər qarşısında “Arsenal”ın əsas atributu sayılan döyüş topu qoyulmuşdu. 60 mindən çox tamaşaçı tutumuna malik arena önündəki təhlükəsizlik xidməti əməkdaşları arasında atla gəzənlər də vardı. Oyuna çox az vaxt qalırdı. Qısa müddətdə təkcə özümün deyil, bu qədər insanın stadiona necə daxil olacaqları mənə maraqlı idi. Lakin heç bir sürpriz baş vermədi. Hamı çox qısa müddətdə saysız-hesabsız, amma dar qapılardan içəri girdi. Qapıdan keçən kimi birbaşa foyeyə daxil olurdun, oradan da qısa məsafə qət edərək, tribunadakı yerini alırdın. Bir neçə dəqiqə sonra arenanın çölündə demək olar ki, heç kəs qalmadı. Yalnız bilet axtaranlar və xadimələrdən başqa. Xadimələr stadion ətrafını qısa müddətdə tam təmiz və səliqəli hala saldılar. Bilet isə tezliklə qurtardı. Kassalar qarşısına çatanadək “Sell up” xəbərdarlıqları eşidilirdi. Bu isə bütün biletlərin satılıb qurtarmasından xəbər verirdi. Ala bilənlər içəri daxil oldu, almayanlar isə kor-peşman geri qayıtdılar. Bəziləri isə stadionun alt qatındakı “fan-shop”a daxil oldular. Elə mən də...
“Gəl, gedək, Adamsa bir salam verək!”
Qapı ağzında lüləsini ziyarətçilərə tuşlayan top onları özündən nəinki uzaqlaşdırır, əksinə, birgə şəkil çəkdirməyə sövq edirdi. Stadiona girə bilməyənlər “Məni içəri buraxmadılarsa, nəyə görə bu kluba xeyir verməliyəm?” deyə mağazanı boykot etmək fikrindən uzaq idilər. Əksinə, onlar sevimli komandalarına hansısa formada xeyir verməyə can atırdılar. İçəridə kluba aid nə istəsən vardı: brelokdan tutmuş geyimlərədək. Böyüyündən kiçiyinədək hamı özünə arzuladığını ala bilərdi. Hətta körpələr də unudulmamışdı. Hətta onlar üçün əmzik də satışa qoyulmuşdu. Dünya brendinin məhsullarından almağı kim arzulamazdı ki...
Mağazanı tərk edərkən, çöldə qoyulan heykəllər diqqətimi çəkdi. Stadion ətrafında gəzişən əli fotoaparatlılar həmin heykəllərlə həvəslə şəkillər çəkdirirdilər. Bu zaman “Emirates” stadionu önündə “Arsenal”ın əfsanəvi futbolçularının heykəllərinin qoyulduğu barədə bir müddət öncə oxuduğum xəbəri xatırladım. İnsanlar daha çox Tyerri Anrinin heykəli ilə şəkil çəkdirirdilər. Məni isə təbii ki, Toni Adams maraqlandırırdı. Karyerası ərzində yalnız “Arsenal”a sadiq qalmış Adams Azərbaycanın “Qəbələ” komandasında baş məşqçi kimi çalışıb. O, 2010-cu ilin mayından 2011-ci ilin noyabrınadək bu postu tutub. Hazırda isə 47 yaşlı mütəxəssis “Qəbələ”də klub prezidentinin müşaviridir. Anri və Adamsdan savayı, orada 79 il öncə dünyasını dəyişmiş Herbert Çepmenin də heykəli var idi. Çepmen də “Arsenal”ın futbolçusu olub, “3-5-2” taktiki sxeminin yaradıcısıdır. Çepmenlə Anrinin heykəlləri stadionun sol və sağ tərəflərində, Adamsın heykəli isə stadionun arxasında “Arsenal”ın muzeyi ilə üzbəüz qoyulmuşdu. “Qəbələ”nin sabiq baş məşqçisi peşəkar futbolçu kimi 20 ilədək “topçular”ın şərəfini qoruyub. O, müdafiəçi mövqeyində oynasa da, 504 matçda 32 qol vurub. Ucaboy müdafiəçinin hamıya qucaq açan görüntüsünü də yaxından izləməyə dəyərdi...
“Veda-vey”
Stadion önündə gəzdiyim vaxt bir neçə dəfə tribunalardan “qol” səsləri də gəldi. “Arsenal”ın böyük hesabla qalib gəldiyini az sonra tribunaları tərk edən azarkeşlərin gülərüz görkəmindən də görmək olardı. Stadion ətrafındakı supermarketin işçiləri də məmnun görünürdülər. Axı fanatları yemək, pivə və digər içkilərlə bu mağaza təmin etmişdi. Amma indi onlar arenadan çıxan fanatlara pivə satmırdılar. Deyirdilər ki, qayda belədir: Pivə yalnız stadiona giriş zamanı satılır. Özü də klubla bağlanan müqavilə əsasında. Digər tərəfdən, indi azarkeşləri pivə sevimli komandalarının qələbəsindən çox maraqlandıra bilməzdi. Dillərində yalnız “veda-vey” kimi eşidilən sözlər dolaşırdı. “Arsenal” stansiyasına girmək üçün növbəyə düzülənlərin sayı-hesabı yox idi. Onların arasında övladları, həyat yoldaşları, dostları və digər yaxınları ilə gələnləri də görmək olardı. Doğrudan da bu oyun hamıda istirahət ab-havası yaratmışdı. Onlar uzun növbəyə düzülmüşdülər və irəliləyərkən, növbəni əsla pozmurdular...
***
Bu, 127 illik tarixə malik, 13 dəfə İngiltərə çempionluğu, 12 dəfə ölkə superkuboku və 10 dəfə kuboku qazanmış, dəyəri 1 milyarddan çox olan və dünyanın ən bahalı klubları arasında 4-cü yerdə gedən “Arsenal”ın oyunu zamanı yaşadığım təəssüratlar idi. Bu komanda Avropa miqyaslı turnirlərdə 1994-cü ildə Kuboklar Kubokuna, 1970-ci ildə isə Yarmarkalar Kubokuna sahib olub. 1980 və 1995-ci illərdə Kuboklar Kubokunun, 1994-cü ildə UEFA Superkubokunun, 2000-ci ildə UEFA Kubokunun, 2006-cı ildə isə Çempionlar Liqasının finalçısı olub. Bu klubun qədim tarixi ilə müqayisədə elə də böyük beynəlxalq uğuru yoxdur. Heç indi də Premyer Liqada liderlər sırasında deyil. 4:1 hesabı ilə udduğu “Redinq” isə Premyer Liqanın autsayderidir. Amma “Arsenal”ın hər zaman ayaqda olması üçün çalışan milyonlarla azarkeşi var.
Onlar stadiona əyri yollarla yox, biletlə keçirlər;
Onlar komandanın atributlarına həvəslə pul xərcləyirlər;
Onlar oyunlar zamanı tribunaları tam doldururlar;
Onlar komandaları udsa da, uduzsa da, sonadək dəstəkləyirlər;
Onlar meydançaya yad əşyalar ataraq, klubu ziyana salmırlar.
Elə buna görədir ki, “Arsenal” 127 ildir ayaqdadır!
Elşən MƏMMƏDOV
Bakı-London - Bakı