<b>Qurban olma, Qurban!</b>
02 noyabr 2017 16:29 (UTC +04:00)

Qurban olma, Qurban!

0

Əgər sabah Qurban Qurbanov milliyə baş məşqçi təyin olunsa (böyük ehtimal elə olacaq), mən bunu onun karyerasında geriyə atılmış addım kimi qəbul edəcəm (mənim fikrim kimə nə qədər önəmlidi, bu, başqa söhbətin mövzusudu).

 

Nəyə görə?

 

1. Bir çoxlarının əksinə olaraq, mən Qurban Qurbanovun milli komandaya namizədliyi ideyasının birbaşa AFFA-dan verildiyini və bununla, həm nüfuz edə bilmədikləri "Qarabağ"ı, həm də nüfuzu getdikcə artan məşqçini “vurmaq” planları olduğunu düşünürəm.

 

2. Qurban müəllim və “Qarabağ” hazırda çıxış edə biləcəkləri ən yüksək platformada  - Çempionlar Liqasında mübarizə aparır. Klub futbolunda bundan daha yüksək bir yarış yoxdu. Milli komanda ilə dünya və Avropa birinciliyi ancaq bununla müqayisə oluna bilər ki, bizim üçün oralar hələ əlçatmazdı.

 

3. Əgər kimsə Qurbanovun gəlib millini dediyim yüksək yarışlara çıxardacağına inanırsa, öz işidi, şəxsən mən inanmıram. Bizim yığmamızın özülü, ehtiyat qüvvəsi yoxdu. "Baqaj"ımız, əldə olan oyunçularımız  qrupda maksimum 3 və ya 4-cü yerə iddia etməyə çatır ki, onu Prosineçki də işinə azca məsuliyyətlə yanaşsa, əldə edə bilərdi. Buna görə Qurbanı yerindən tərpətməyə gərək yoxdu.

 

4. Beynəlxalq aləmdə tanınmaq məsələsi də mübahisəlidi. Birinci bənddə dediyim kimi, adam tanına biləcəyi ən yüksək səhnədə çıxış edir, daha nə olsun?

 

5. Qurbanovun “Qarabağ”da missiyasının başa çatdığını düşünənlərlə də razılaşmıram. Çünki hər çatdığımız hədəf sonradan bizim üçün uğura gedən yolda mərhələyə çevrilir. Vaxt vardı klublarımız mərhələ keçməyi, daha sonra bir neçə mərhələ keçməyi, daha sonra Avroliqada pley-off oynamağı, daha sonra qruplarda oynamağı hədəfləyirdilər. İllər keçdikcə, bütün bunlar əldə olundu və bu gün “Qarabağ” ÇL qrupunda oynayırsa, həmin mərhələlərə borcludu. Ancaq bura qədər gəlmək artıq arzuların sonu demək deyil. Növbəti hədəflər müəyyənləşməlidi. AL və ÇL qrup mərhələsində fasiləsiz davamlı iştirak etmək, bu yarışların hər hansı birində “yanvardan sonranı görmək”, tədricən yerli oyunçuları xarici bazara təqdim etmək və s. Bütün bunları eləməmiş missiyanın bitdiyini düşünmək olmaz. Əgər Qurbanov “Qarabağ”la bu uğurları qazansa, milli onsuz da öz-özünə inkişaf edəcək.

 

6. Qurbanov milliyə getsə, nə itirəcəyik? Ən birinci “Qarabağ”ı itirmək təhlükəsi var. İki iş eyni vaxtda olmaz. Olsa da, uğurlu olmaz. Dünyada artıq bu praktika istifadə olunmur. Sovetdən qalma, köhnə təcrübədi. Millidə tez zamanda uğur qazanmaq mümkün deyil. (Doğrudur uğur anlayışı kimin nəyi nəzərdə tutduğuna görə dəyişir. Mənə görə uğur ardıcıl olaraq bir neçə tsikl ilk “üçlüy”ə iddialı komanda yaratmaq, bununla paralel olaraq aşağı yaş qruplarını legionerlərdən təmizləmək, yerli uşaqlardan mobil komanda formalaşdırmaq və gələcək milli üçün baza formalaşdırmaqdı.)  

 

Uğur olmayan yerdə isə tənqid olacaq, hətta təhqirə dönəcək. Qurbanov aktiv iş rejimindən passiv işə keçəcək və bu, onun məşqçilik qabiliyyətinə də təsir edəcək və s.

 

7. Deyə bilərsiniz ki, bütün bunları Qurbanov bilmir? Guya, sən hamıdan ağıllısan? Xeyr, elə bir iddiam yoxdu, ancaq mən Qurban Qurbanovun millidə işləmək (ən azından indiki məqamda) istədiyinə inanmıram, ya da inanmaq istəmirəm. Tahir Gözəlin “Atletiko” ilə oyundan əvvəlki müsahibəsində bir hissəyə diqqət yetirin. Deyir, Qurbanı o şəkildə buraxarıq ki, “Qarabağ”a ziyan gəlməsin. Neçə ilin iş adamıdı, idarəçidi, o da bilir ki, bundan “Qarabağ” mütləq zərər çəkəcək. Ancaq mövzu milli komandadı deyə açıq etiraz da edə bilmir.  

 

Qurban Qurbanov “Tofiq Bəhramov” – BOS məsələsində öz prinsiplərindən vaz keçdi. Nəyə görə, hansı səbəbə, bunun dəxli yoxdu. Lap elə siz deyən kimi prinsipial olsun, onda da yandıracaqlar adamı. İmkan verməyəcəklər və sonda yenə hər şey xoş sonluqla bitməyəcək.

 

Zaur XUDİYEV (apasport)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar