Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kuboku yarışının sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub.
Lent.az-ın “azərtac”a istinadən xəbərinə görə, yeniyetmə cüdoçularımız daha üç medal qazanıblar.
Avropa kubokunda ölkəmizi təmsil edən Azər Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sloveniyada Azərbaycan cüdoçularına qitə birinciliyinin qızıl medalları təqdim edilib və onların şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. Digər təmsilçimiz İbrahim Ağakişiyev (81 kq) isə bürünc medala sahib olub.
Bununla da, Azərbaycan milli komandası Avropa kuboku yarışında 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda bütün ölkələri qabaqlayaraq birinci yeri tutub.
Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlan, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunurdu.