Qazaxıstan yığmasının müdafiəçisi Nurali Alipin Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son tur oyununda qırmızı vərəqə alması Rusiyada da ciddi narazılıqla qarşılanıb.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, xüsusən də, vaxtilə “Zenit”də oynamış futbolçular hazırda Sankt-Peterburq klubunun formasını geyinmiş Alipi tənqid atəşinə tutub.
Onlardan biri də “Zenit”in keçmiş yarımmüdafiəçisi Konstantin Lepexindir. 47 yaşlı rusiyalı mütəxəssis qazaxıstanlı oyunçunun davranışının peşəkar oyunçuya yaraşmadığını söyləyib: “Futbolçu ya kobud müdaxiləyə, ya da hakimə etiraza görə sarı vərəqə ala bilər. Alip hər ikisini 1-2 saniyədə etdi. O, komandanın gücünü zəiflətdi, onları yarı yolda qoydu. Nuralinin hazırkı “Zenit”də oynamaq şansı da azdır. Çünki millidə özünü yaxşı tərəfdən göstərə bilmədi”.
Qeyd edək ki, Nurali Alip “Dalğa Arena”da Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları görüşün 35-ci dəqiqəsində ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub.