İki min illik sevgi mesajı tapıldı - “Erato sevir”
01 sentyabr 2026 18:16 (UTC +04:00)

İki min illik sevgi mesajı tapıldı - “Erato sevir”

0

İtaliyanın qədim Pompey şəhərində arxeoloqlar təxminən 2 min il əvvələ aid maraqlı yazı aşkarlayıblar. Divarın suvağında qalan qısa mesaj “Erato amat”, yəni “Erato sevir” kimi oxunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yazının eramızın I əsrinə aid olduğu bildirilir.

Ən maraqlı məqam isə odur ki, Erato sevdiyi şəxsin adını yazmayıb. Cümlə yarımçıq qalıb və arxeoloqlar mesajın kimə ünvanlandığını müəyyən edə bilməyiblər.

Yazı Pompeydə iki teatrı birləşdirən uzun dəhlizin divarında aşkarlanıb. Təxminən 27 metr uzunluğunda olan bu divarda ümumilikdə 300-ə yaxın qədim qraffiti qorunub saxlanılıb.

Qədim divar əsl “sosial şəbəkə” olub

Tədqiqatçılar bildirirlər ki, həmin ərazi qədim dövrdə insanların sıx toplaşdığı yerlərdən biri olub. İnsanlar tamaşaları gözləyir, söhbət edir və divarlara müxtəlif mesajlar yazırdılar.

Bəzi yazılarda sadəcə salamlaşmalar yer alıb, digərlərində qladiator rəsmləri, şəxsi mesajlar, zarafatlar və hətta təhqirlər aşkarlanıb.

Bu baxımdan divar müasir sosial şəbəkələrin qədim forması kimi qiymətləndirilir. İnsanlar burada bir-birinə mesaj yazır, cavab verir və bəzən yazışmalar bir neçə gün davam edirdi.

Görünməyən 79 yazı üzə çıxarıldı

Qədim qraffitilərin böyük hissəsi zamanla solub və adi gözlə görünməz hala gəlib.

Buna görə Pompey Arxeoloji Parkının mütəxəssisləri RTI adlı xüsusi görüntüləmə üsulundan istifadə ediblər.

Bu texnologiyada divarın səthi müxtəlif bucaqlardan işıqlandırılaraq çoxsaylı fotoşəkillər çəkilir. Daha sonra həmin görüntülər kompüter proqramı vasitəsilə birləşdirilir.

Nəticədə suvağın üzərində adi gözlə görünməyən çox kiçik cızıqlar və hərflər üzə çıxır.

Bu üsul sayəsində alimlər əvvəllər oxunması mümkün olmayan daha 79 yazını müəyyənləşdiriblər.

Pompeyi Vezuvi vulkanı qoruyub saxladı

Pompeydəki bu yazıların günümüzə qədər gəlib çatmasının əsas səbəblərindən biri eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi olub.

Şəhər qalın kül və vulkan materialları altında qaldığından divarlar, freskalar və başqa tikili elementlərinin bir hissəsi yüzillərlə xarici təsirlərdən qorunub.

Qədim yazılar əsasən stilus, mismar, sümük parçası və digər iti əşyalarla suvağın üzərinə cızılaraq yazılıb. Buna görə səthin rəngi dəyişsə də, bəzi hərflərin relyefi qorunub saxlanılıb.

Tədqiqatçılar indi xüsusi onlayn platforma da hazırlayıblar. Bunun sayəsində alimlər Pompeyə getmədən belə həmin divardakı qədim yazıları ətraflı şəkildə araşdıra bilirlər.

Erato tərəfindən yazıldığı ehtimal edilən yarımçıq sevgi mesajının kimə ünvanlandığı isə hələ də sirr olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar