Lənkəranda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb, ərazinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Lent.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” aşıb.
Qəza nəticəsində Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 2005-ci il təvəllüdlü Fikrət Mərdan oğlu Nurullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Hazırda yaralının müalicəsi xəstəxanada davam etdirilir.
Qəza zamanı 10 minlik elektrik xətti də qırılıb və ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev