Meksikada əfsanəvi boksçu Arturo Qattinin 17 yaşlı oğlu ölü halda tapılıb. KİV-nin məlumatına görə, gəncin cəsədi onun anası Amanda Rodriqeslə birlikdə yaşadığı mənzildə aşkarlanıb. İlkin versiyaya görə, 17 yaşlı Qatti özünü asıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Arturo Qattinin keçmiş mühafizəçisi və dostu Çak Zito sosial şəbəkələrdə məlumat verib.
Qeyd edək ki, 2009-cu ilin iyul ayında boksçu Qatti Braziliyada, həyat yoldaşı və bir yaşlı oğlu ilə istirahətdə olarkən otel otağında ölü tapılıb. Əvvəlcə həyat yoldaşı qətldə şübhəli şəxs qismində saxlanılıb, lakin qısa müddət sonra iş bağlanıb və Qattinin ölümü özünü asma kimi qiymətləndirilib.
Bununla belə, çempionun dostları və pərəstişkarları bu versiyaya hələ də inanmırlar. Onların fikrincə, Qattinin ölümünün əsl səbəbləri hələ də tam aydınlaşdırılmayıb və hadisə ətrafında çoxlu ziddiyyətli məqamlar qalır.
İndi, atasının ölümündən 16 il sonra faciə yenidən təkrarlanıb. Hadisələrin oxşarlığı bir çox insanda dəhşət və anlaşılmazlıq hissi doğurur: həm ata, həm də oğul gənc yaşlarında dünyadan köçüblər və hər ikisi oxşar, lakin tam aydınlaşdırılmamış şəraitdə həyatını itirib.
Hazırda araşdırma aparılır.