Raqif Abbasov: “Açığı, belə bir fikir var” – MÜSAHİBƏ
21 dekabr 2010 16:03 (UTC +04:00)

Raqif Abbasov: “Açığı, belə bir fikir var” – MÜSAHİBƏ

“Olimpiya Komplekslərindən bir neçəsi Baş İdarənin balansına verilə bilər”

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (GİBİ) rəisi Raqif Abbasovun Lent.az-a müsahibəsi

- 2010-cu il Bakı şəhər GİBİ üçün hansı idman nailiyyətləri ilə əlamətdar oldu?

- Mən bu suala ilk növbədə, bəzi statistik göstəricilərlə cavab vermək istərdim. Çünki statistika faktları əks etdirir. Bakı şəhər GİBİ hər il Gənclər və İdman Nazirliyi ilə Baş İdarənin təsdiqlədiyi tədbirlər planını əsas hüquqi sənəd kimi rəhbər tutur. Əlavə tədbirlərimiz də olur. Tədbirlər planına əsasən, Baş İdarə 2010-cu il üçün 167 yarış keçirib. Bunlardan 57-si birincilik, 51-i çempionat, 16-sı açıq çempionat, 15-i açıq birincilik, 10-u kubok, 4-ü açıq turnir, 4-ü təsnifat yarışı, 3-ü turnir, 3-ü açıq kubok, 2-si beynəlxalq yarış, 2-si isə kəmər imtahanı olub. Ümumilikdə, 4 mini qız və qadın olmaqla, 30 minə yaxın peşəkar idmançı yeniyetmələr, gənclər və böyüklər arasında keçirdiyimiz yarışlara qatılıb. 2009-cu ilə nisbətdə bütün sahələr - yarışların, idmançıların və ezamiyyələrin sayı üzrə artım müşahidə edilib. Belə ki, kütləvi bədən tərbiyəsi sahəsi üzrə 73 şəhərdaxili tədbirə 8000-dən çox insan, o cümlədən, 1000-dən çox qız qatılıb. Baş İdarə tərəfindən həyata keçirilən 63 ezamiyyədə 651 nəfər iştirak edib. Onlardan 548-i idmançı, 60-ı məşqçi, 43-ü hakim, həkim, ixtisasını artıran gənc mütəxəssislər və nümayəndə heyətinin üzvləri olub. Bunların nəticəsində olimpiya və qeyri-olimpiya növləri üzrə 100 medal – 33 qızıl, 31 gümüş, 36 bürünc medal əldə edilib. Komanda hesabında 32 medal qazanılıb ki, bunlardan 16-sı qızıl, 9-u gümüş, 7-si bürünc medal olub. Ezamiyyələrin 19-u ölkədaxili, 44-ü isə xarici ölkələrə təşkil edilib. Beynəlxalq yarışlarda 20-dən çox növ üzrə 246 idmançı Azərbaycanı təmsil edib. Xarici ölkələrə ezamiyyələrdə üstünlük olimpiya növlərinə və olimpiadaların proqramına salınmağa namizəd növlərə verilib. Keçirdiyimiz tədbirlərdə üstünlüyü açıq hava şəraitində keçirilənlərə vermişik. Çünki burada iştirakçı sayı daha çox olur.

- Paytaxt çempionatı və birinciliklərindən başqa hansı idman tədbirlərini həyata keçirmisiniz?

- Milli qəhrəmanların xatirəsinə həsr olunmuş yarışlara xüsusi önəm veririk. Bu baxımdan, Çingiz Mustafayevin xatirəsinə futbol, Cəmil Niftəliyevin xatirəsinə karate, Fəxrəddin Şahbazovun xatirəsinə ağırlıqqaldırma, 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun xatirəsinə cüdo yarışları, Salatın Əsgərova və Alı Mustafayev kimi jurnalist milli qəhrəmanlarımızın xatirəsinə nümunəvi çıxışlar və orta məktəblərdə maarifləndirmə işlərini qeyd edə bilərəm. Eyni zamanda 5 mart – bədən tərbiyəsi və idman gününün paytaxtda kütləvi şəkildə keçirilməsi, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarına nümayəndə heyətimizin yolasalma və qarşılanma mərasimi kimi tədbirlər Baş İdarəyə tapşırılıb. Bakıda keçirilmiş bütün beynəlxalq yarışların təşkilati işlərində Baş İdarə yaxından iştirak edib. Qarşılanma, yolasalma, asudə vaxtlarda qonaqların şəhərlə tanış etdirilməsi, ayrı-ayrı təhsil ocaqlarında veteran idmançılarla görüşlərin keçirilməsi, muzeylərə ekskursiyaların təşkilini də biz həyata keçirmişik.

- Bəs beynəlxalq əlaqələr baxımından, hansı şəhərlərlə əməkdaşlıq edirsiniz?

- İranın Urmiya, Rusiyanın Dağıstan Respublikası, Volqoqrad və Sank-Peterburq, Türkiyənin Ankara və Trabzon, Gürcüstanın Tiflis və Rustavi, Bolqarıstanın Varna şəhərləri ilə əməkdaşlığımız mövcuddur. İkitərəfli əməkdaşlıq haqqında sazişlərimiz imzalanıb ki, bunların da icrası zaman-zaman tərəfimizdən həyata keçirilir. Bakıda peşəkar idmanla məşğul olan rus və rusdilli idmançıları Rusiyada keçirilmiş yarışa, paytaxt idmançılarını Çinin paytaxtı Pekində keçirilmiş idman festivalına, qılıncoynatma, basketbol, futbol, cüdo növləri üzrə Bakının yığma komandalarını İranda keçirilmiş turnirlərə ezam etmişik.

- Təşkil etdiyiniz yarışlar nə dərəcədə əhəmiyyət kəsb edib?

- Olimpiya hərəkatı və idman sahəsindəki əsas yük məhz paytaxt idmanının üzərinə düşür. Demək olar ki, idman növlərinin mütləq əksəriyyəti üzrə yığmaların tərkibində Bakı idmançıları çoxluq təşkil edir. Bu baxımdan, paytaxt yarışlarının əhəmiyyəti çox böyükdür. Bir sıra idman növləri, o cümlədən, güləş, cüdo, boks, taekvondo, bədii gimnastika, avarçəkmə üzrə paytaxt çempionatlarının Azərbaycan çempionatları ilə birbaşa əlaqələri var. Paytaxt çempionatlarındakı göstəricilər əsasında ölkə çempionatına vəsiqə qazanma prosesi gedir. Ona görə də bu idman növlərində paytaxt yarışları daha önəmlidir. Bazası paytaxtda mövcud olmadığı üçün əyalətlərdə keçirilmiş paytaxt çempionat və birincilikləri arasında xüsusən, su idman növlərini vurğulamaq istərdim. Avarçəkmə üzrə olimpiya bazasının Mingəçevirdə istifadəyə verilməsindən sonra və ondan əvvəlki dövrdə də paytaxt birinciliyi və çempionatı ölkə birinciliyi və çempionatı ilə yanaşı həmin şəhərdə keçirilib, bu yarışlara böyük maraq olub. Məhz həmin bazadakı yarışlarda idmançıların şəxsi göstəriciləri yaxşılaşıb. Su polosu üzrə turnirlərimizin Quba Olimpiya Kompleksinin hovuzunda keçirilməsi və Gürcüstan idmançılarının bu yarışa dəvət olunması paytaxt idmançılarının göstəricilərinə, veloşosse yarışlarının Bakı - Şamaxı, Şamaxı – Quba marşrutları üzrə keçirilməsi bu növün də təbliğinə təkan verib.

- Bəs paytaxt yarışlarına maraq və əhatə dairəsi hansı səviyyədə olub?

- Təbii ki, paytaxtımızda təşkil olunmuş futbol yarışları ən çox maraq doğurub, ən çox azarkeş toplayıb və ən böyük zaman kəsiyində reallaşıb. AFFA-nın keçirdiyi çempionatlarda Bakının 19 klubundan 400-dən çox futbolçu qeydiyyatdan keçib. Məhəllə futbolu yarışları da davamlı xarakter alıb. Bədii gimnastika, idman rəqsləri, futbol, qadınlar arasında voleybol, çimərlik futbolu, qadınlar arasında çimərlik voleybolu, boks, güləş çempionat və birincilikləri kimi paytaxt yarışlarında azarkeş kütləsi əvvəlki illərə nəzərən daha çox olub. Biz azarkeşlərin də yarışlara cəlb olunmasına xüsusi önəm veririk. Bu baxımdan, yarışların keçirilmə məkanı və tarixi, ölkə çempionatı və beynəlxalq yarışlarla kəsişməməsi məsələlərinə xüsusi önəm veririk. Eyni zamanda, bir neçə paytaxt çempionatı və birinciliyinin, beynəlxalq turnirlərin televiziya vasitəsilə yayımına nail olmuşuq. Paytaxtın açıq birinciliklərinin keçirilməsi əyalət gənclərinin də bu yarışlara qatılmalarına şərait yaradıb. İşğal altındakı bir çox rayonların Gənclər və İdman idarələri paytaxtda yerləşir. Ona görə də keçirdiyimiz yarışlara 6 qaçqın və məcburi köçkün rayonunun idarələri də müsabiqədənkənar qatılıblar.

- Rəhbərlik etdiyiniz idarənin balansında hər hansı idman qurğusu var?

- Xeyr. Bakı şəhər GİBİ-nin balansında idman qurğusu yoxdur. İş adamlarına dəfələrlə müraciət etmişik ki, Hövsan, Qaraçuxur kimi ərazilərdə məktəb tikintisini həyata keçirsinlər və uzunmüddətli icarə əsasında meydançadan birgə istifadə edək. Lakin müraciətlərimizə müsbət rəy bildirən insanlar olmayıb.

- Elə isə Baş İdarə nəzdində futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi (İUGOEM) harada fəaliyyət göstərir?

- Hazırda bu məktəbdə 4 yaş qrupu üzrə 1000-dək uşaq həftənin 4 günü ərzində icarə əsasında məşqlər keçirlər. Bu məktəbin komandaları üçün il ərzində İrana 3 ezamiyyə təşkil edə bilmişik. İranın Urmiya şəhərində keçirilmiş yarışda komandamız 2-ci yerə çıxıb. Eyni zamanda maddi-texniki bazanın yaxşılaşdırılmasına nail ola bilmişik. Bu il məktəbdə çalışan məşqçilərin iştirakı ilə açıq dərslər təşkil etmişik. Digər tərəfdən, Baş İdarə nəzdindəki futbol məktəbinin respublika dərəcəli əhəmiyyətini nəzərə alaraq, onun statusunun qaldırılma məsələsini qoymuşuq. Hazırda bu məsələnin Gənclər və İdman Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulub. 2011-ci ilin maliyyə vəsaitinin hesabına statusunun artırılması, akademiya statusunun alınması məktəbin nailiyyətlərinə yalnız müsbət təkan verə bilər. Bir var ki, akademiyanın yaradılmasına sıfırdan başlayasan, bir də var ki, məktəb, məşqçilər, balans, infrastruktur mövcuddur, əmək haqqına dövlət təminat verir, ezamiyyələrə, forma və idman ləvazimatı ilə təminata dövlət dəstəyi var. Sadəcə, infrastrukturun və meydançanın yaradılmasına ehtiyac duyulur. Bu məktəb vaxtilə Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev, Amid Quluzadə, Tərlan Quliyev, İlham Yadullayev, İsmayıl Məmmədov, Vitali Kovalyov, Cahangir Həsənzadə kimi futbolçular yetişdirib. Bir çox futbolçu əyalətlərdən bu məktəbə gəlib, ixtisasını artıraraq, peşəkar futbolçu olub. Bu məktəbdən hər il ayrı-ayrı klublar müxtəlif yaş qrupları üzrə uşaqları öz sıralarına cəlb edib. Əlbəttə, maliyyə vəsaitinin artırılması məktəbin futbolçu ixracatına təkan verə bilər. İlin sonlarında Gənclər və İdman Nazirliyi qarşısında bu məsələni qaldırdıq. Düşünürük ki, Nazirlər Kabineti gələcəkdə bu məktəbə akademiya statusunun verilməsi haqda fikirlərimizə müsbət rəy verəcək.

- Hələ İUGOEM-in bazası üçün məkan müəyyənləşdirilməyib?

- Statusun verilməsi avtomatik olaraq, bu təhsil ocağının yer, məşq, maddi-texniki bazasının yaxşılaşdırılmasına təkan verəcək. Bu məktəb dövlət strukturunun balansında olduğu üçün statusunun alınması və digər məsələlərin həlli sırf dövlət qurumlarının rəyindən asılıdır. Vaxtilə hansısa strukturun balansında olan, bu gün isə müstəqil fəaliyyət göstərən, özü-özünü maliyyələşdirən idman qurğuları mövcuddur. Müəyyən zaman kəsiyindən sonra məktəbin də daha yüksək status almasına nail ola biləcəyik.

- Bir çox ölkələrdə müxtəlif idman növləri üzrə “Paytaxtlar Kuboku” adlı turnir keçirilir. Həmin yarışlara ayrı-ayrı ölkələrin paytaxtlarını, o cümlədən Bakını təmsil edən komandalar yollanırlar. Bu baxımdan, Bakıda belə bir yarışın təşkili mümkündür?

- Hazırda biz ölkə miqyaslı 10 kubok yarışı keçiririk. Amma beynəlxalq yarışların sayının artırılması Baş İdarənin balansında idman qurğusunun mövcud olmasından sonra daha real görünəcək. Postsovet məkanı ölkələrindən Rusiya, Ukrayna və Belarusda idman idarələrinin balansında idman qurğuları var. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimovla, eləcə də Bakı şəhər icra hakimiyyətində müzakirələr zamanı bu məsələni qaldırmışıq. Fikrimizcə, artıq paytaxtda fəaliyyət göstərən Maştağa, Hövsan, Şağan, Müşfiqabad, Qaradağ və digər qəsəbələrdəki olimpiya və idman komplekslərinin sayının artırılması paytaxtın da idman qurğusunun olmasına əsas verir. Əgər əvvəllər idman zallarının sayı az idisə, ayrı-ayrı yarışların keçirilməsi üçün cədvəllər tutub gözləmək lazım idisə, indi bu problem yoxdur. Belə olan halda bir neçə idman növü üzrə paytaxt yarışlarını həmin qurğulardan birində keçirmək həm yarışın keyfiyyətinin yaxşılaşdırılmasına əsas verər, həm onun təşkilini asanlaşdırar, həm də beynəlxalq yarışların təşkilinə böyük təkan verər.

- Hazırda bir çox olimpiya kompleksinin tikintisini Gənclər və İdman Nazirliyi həyata keçirilməkdədir. Onlardan bir neçəsinin Baş İdarənin balansına verilməsi təklifi ilə çıxış etməmisiniz?

- Açığı, belə bir fikir var. Hazırda 2012-ci il London Yay Olimpiya Oyunlarına çox ciddi hazırlıq gedir. Federasiyaların nəzdində olan, eləcə də özəlləşdirilmiş idman qurğuları, nazirliyin xətti ilə tikilən olimpiya komplekslərinin hər biri ayrı-ayrı idman növləri üzrə yarışlara hazırlıq məqsədilə verilib. Bir neçə aparıcı idman növlərimiz var ki, onların özlərinin kompleksləri olacaq. Belə olan halda hazırkı olimpiya komplekslərindən biri və ya bir neçəsinin Baş İdarəyə verilməsi nəzərdə tutulub. Yəni, biz olimpiadaya hazırlıq prosesinə maneçilik törətməmək üçün gözləyirik. Amma gələn il federasiyaların xətti ilə bir neçə idman qurğusunun tikintisi, təməlqoyması və istifadəyə verilməsi nəzərdə tutulub. İstisna deyil ki, bədii gimnastika kompleksi, Güləş Evi, yeni futbol meydançaları paytaxtdakı mövcud idman qurğularının yükünü azaldacaq və onların Baş İdarənin balansına verilmə ehtimalını sürətləndirəcək.

- Bakı şəhər GİBİ gənclərin zərərli vərdişlərdən əl çəkməsi, işsizlik, məişət problemlərinin həllində hansı rolu oynayır?

- Ədalət naminə demək lazımdır ki, Baş İdarənin gənclər sahəsində gördüyü işlər idman sahəsindəki işlərindən bəlkə də çoxdur. Bunun da səbəbi aydındır. Çünki əhalisinin böyük əksəriyyəti gənclərin olduğu bir dövlətdə gənclər sahəsində iş çox olmalıdır. Bütün insanlar gənclik dövrünü keçirirlər, amma bütün gənclərin idmançı olmaları mütləq deyil. Gənclərlə iş 3 əsas istiqamət üzrə gedir: Tələbə-gənclər təşkilatları ilə iş; Qeyri-hökumət təşkilatları ilə iş; Məktəbəqədər insanlarla iş. Əsas güc ali təhsil ocaqlarındakı gənclərə verilir. Burada hərbi-vətənpərvərlik hisslərindən başlayaraq, asudə vaxtın səmərəli təşkilinədək, istedadlı gənclərin üzə çıxarılmasından tutmuş fiziki qüsurlu insanlaradək, valideyn himayəsindən məhrum olmuş uşaqlardan başlayaraq, beynəlxalq tədbirlərə ezamiyyələrə, layihələrin maliyyələşdirilməsinədək məsələlər əksini tapır. Bu gün birmənalı demək olar ki, Azərbaycan gəncləri təşkilatlanıblar, onların hər bir məsələ ilə bağlı şəxsi fikri mövcuddur. Bu fikir qloballaşan dünyada dövlətə, dövlətçiliyə, azərbaycançılıq ideyasına xidmət edirsə, bunu yalnız və yalnız möhkəmləndirmək, ona dəstək vermək lazımdır. Bu baxımdan, yay dövründə hərbi vətənpərvərlik düşərgələri təşkil etdik, hərbi hissələrdə, təmas xəttində olduq, islah-əmək müəssisələrində müəyyən səbəblərdən cəza çəkən gənclərlə xüsusi hazırlıq və maarifləndirmə işi apardıq ki, onlar cəmiyyətə qayıtdıqdan sonra yararlı insanlar olsunlar. Etimad telefonumuz fəaliyyət göstərir, televiziya, elektron KİV-lərlə layihələrimiz mövcuddur. Bir çox kitabların, elmi nəşrlərin işıq üzü görməsində köməklik etmişik. Gənclərin iştirakı ilə intellektual oyunlar təşkil etmişik. Ayrı-ayrı nazirliklərlə məşğulluq məsələlərinin həlli, narkomaniya, QİÇS kimi pis vərdişlərlə mübarizədə maarifləndirmə işini təşkil edirik. Gənclər siyasəti üzrə normativ hüquqi aktlar, “Gənclər siyasəti haqqında” qanun mövcuddur. Bunlar da hüquqi əsas verir ki, gənclər sahəsində iş aparılsın. Əlbəttə, qloballaşan dünyada gənclərin əldə etdiyi nailiyyətlərlə yanaşı, problemləri də mövcuddur. Biz bu problemləri görürük, bilirik. Ayrı-ayrı strukturlar qarşısında məsələlər qaldırır və qanunlarda öz əksini tapmasına çalışırıq ki, Azərbaycan gənclərinin öz sözlərini deməyə, bilik və bacarıqlarını nümayiş etdirməyə daim şəraiti və imkanı olsun.

- Bakı şəhər icra hakimiyyəti ilə Gənclər və İdman Nazirliyinin 2011-ci ildə Baş İdarə üçün ayırdığı büdcədə artım gözlənilir? Ümumiyyətlə, Bakı şəhər GİBİ-yə etimad hansı səviyyədədir?

- Maliyyə artırsa, demək, nəyisə yaxşı edə bilmişik. Artırırlar ki, bir az da çox iş görək. 2009-cu ilə nəzərən bu il 10 faiz artım olub. Artımı yenə gözləyirik. Bu da bir dividend, üzərimizə düşən məsuliyyət yüküdür. Bakı şəhər İcra Hakimiyyətinin də bizə dəstəyi var.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar