““Teleqüllə” sürüşmə sahəsində apardığımız buruq-qazma işləri başa çatıb. Mexaniki, fiziki xüsusiyyətləri öyrənmək üçün ərazidən götürülən nümunələr laborator analizə göndərilib”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ekspedisiya rəisi bildirib ki, nümunələr laborator analizə sürüşmə müstəvisi, sürüşmənin baş vermə səbəbləri, qrunt sularının səviyyəsini öyrənmək üçün təqdim olunub: “Bundan sonra bizim və digər aidiyyəti qurumların nəticələri kompleks şəkildə öyrənilərək vahid rəyə gəlinəcək”.
Ə. Qaralov qeyd edib ki, “Teleqüllə” sürüşmə sahəsində vəziyyət stabildir, hər hansı dəyişiklik yoxdur.
Qeyd edək ki, sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.