Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zakir Həsənov şəxsi heyətə ünvanladığı təbrikdə milli-mənəvi dəyərlərə hörmət və müqəddəs dövlətçilik rəmzlərinə böyük ehtiram göstərən prezident İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis olunması haqqında imzaladığı sərəncamın böyük tarixi əhəmiyyəti olduğunu qeyd edib: “Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artıb. İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səylərinizi daha da artıracaq və hər an ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hazır olacaqsınız. Hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.