Yarım milyona yaxın suriyalı ölkə boyu şəhərlərin mühasirəyə alınması səbəbindən dünyadan təcrid olunmuş vəziyyətdədir. Lent.az-ın “faktxeber”ə istinadən məlumatına görə, Humanitar Məsələlər üzrə BMT-nin baş katibinin müavini Valeri Amosun hesabatında belə deyilir.
Amos bildirir ki, mütəmadi baş verən hərbi münaqişələr üzündən ümumilikdə 2,5 milyon suriyalı gedilməsi çətin olan ərazilərdə yaşayırlar: “Müxtəlif mənbələrdən alınan məlumatları isə mühasirədə qalan ərazilərə getmək mümkün olmadığından yoxlamaq mümkün deyil”.
Baş katibin müavini 9,3 milyon sakinin, yəni 40 faiz əhalinin humanitar yardıma ehtiyacı olduğunu deyib. Onların 6,5 milyonu daxildə köçkünlük həyatı yaşayan insanlardır.
Oktyabrın sonlarında Valeri Amos silahlı qruplaşmalarla olan qarşıdurmalara görə suriyalılara humanitar yardım çatdıra bilmədiyi barədə bəyanat vermişdi. Bəzi məlumatlara görə, hazırda Suriyada aralarında tez-tez qarşıdurmalar yaşanan 2 mindən çox silahlı qruplaşma dəstələri var. Ağır döyüşlərə görə humanitar yardımın çatdırıldığı yollar bağlı olur.
BMT nümayəndəsi hesabatda humanitar yardım əməkdaşlarının qaçırılması, həmçinin yüklərin və varidatların oğurlanması hallarının artdığını da vurğulayıb. O, bildirir ki, insanlar öz həyatlarından narahat olduğu üçün təşkilatda işləmək istəmədiklərindən, qurum sürücü tapmaqda çətinlik çəkir.