Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin mart ayı ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb.
DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların 19 nəfəri Azərbaycan, 6 nəfəri Özbəkistan, 5 nəfəri Tacikistan, 5 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 3 nəfəri Nigeriya, 2 nəfəri İran, 2 nəfəri Venesuela, 2 nəfəri Qırğızıstan, hər ölkədən 1 nəfər olmaqla Qana, Türkiyə, Böyük Britaniya, Yunanıstan, Şri-Lanka vətəndaşları olublar.
Bildirilir ki, sərhəd rejim qaydalarını pozarkən 654 halda 811 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Bundan başqa, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 426 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində isə 728,2 qram narkotik maddə aşkar edilərək götürülüb.
Həmçinin qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 230 min 571 manat olan qaçaqmal, o cümlədən 1 ədəd radiorabitə vasitəsi, 21400 Azərbaycan manatı, 7 000 ABŞ dolları, 1093 qram qızıl zinət əşyaları, 3 ədəd qayıq, 10 kiloqram süni balıq kürüsü, 6100 metr tor, 4360 qutu pirotexniki vasitə, 17147 qutu siqaret, 268 ədəd mobil telefon, 10427 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.