İyulun 7-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığında sıx kolluq və qamışlıq olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının keçilməz sıx kolluq və qamışlıq olan bataqlıq ərazidə baş verdiyi, yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsinin olduğu müəyyən olunub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.
Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın 11.07.2018-ci il tarixində saat 20:50-də söndürülüb.
Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanıb. Yaxınlıqdakı meşə zolağı, ərazidəki yulğun ağacları və ətraf ərazilər yanğından mühafizə olunub.