Azərbaycan ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti sabahdan istiləşəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Sabah günorta saatlarından ölkə ərazisində yağıntılar kəsiləcək.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 13-dən 14-ə keçən gecə yarımadanın bəzi yerlərində yağış yağacaq, səhər kəsiləcək. Mülayim cənub küləyi əsəcək. Temperatur gecə 15-20, gündüz 25-30 dərəcə olacaq.
Bölgələrdə səhər saatlarından başlayaraq yağışın kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək və ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 15-20, gündüz 30-35 dərəcə, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.