Rusiya Federal Təhqiqat Komitəsi paytaxt restoranlarının birində qətlə yetirilən azərbaycanlı barədə məlumat yayıb.APA-nın Moskva müxbirinin xəbərinə görə, məlumatda 45 yaşlı Adil Mahmudovun yerli vaxtla saat 12:40-da paytaxtın “Roqojskiy Val” adlanan ərazisində yerləşən “Zakarpatskiye uzorı” restoranında odlu silahdan açılan atəşlə qətlə yetirildiyi bildirilib. Naməlum şəxs restorana daxil olaraq orada nahar edən A. Mahmudova dörd dəfə atəş açıb. A. Mahmudov hadisə yerində keçinib.
Qətli törədən şəxs isə hadisə yerindən qaçıb.
Təhqiqat Komitəsinin məlumatında bildirilib ki, mərhum Adil Mahmudovun üzərindən onun öz adına olan müxtəlif dövlət strukturlarına aid xidməti sənədlər tapılıb. A. Mahmudovun üzərindən tapılan sənədlərin dövlət strukturlarına aidiyyətının olub-olmaması araşdırılacaq.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (Qəsdən adam öldürmə) və 222-ci (Qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Rusiya mətbuatı Adil Mahmudovun qətlə yetirildiyi zaman polkovnik rütbəli hərbi geyimdə olduğu barədə məlumat yayıb. Belə ki, A. Mahmudov özünün güc strukturlarının əməkdaşı kimi qələmə verib və tez-tez saxta sənədlərdən istifadə edib. Öldürüldüyü zaman isə onun üzərində hərbi geyim forması olduğuna görə qətlə yetirilən şəxsin məhz polkovnik olması barədə məlumat yayılıb.