Bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçiriləcək tədbirlər barədə danışıblar. İclasa yekun vuran nazir Ramil Usubov əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələrin əldə edildiyini, bu işdə polisin prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə birgə əlaqəli və səmərəli işbirliyinin xüsusilə mühüm rol oynadığını xatırladıb.
O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd etməklə, onların dərindən təhlil edilərək aradan qaldırılması üçün adekvat tədbirlər görülməsini, müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətlərinə, aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.
Daxili işlər naziri son günlər cəbhəboyu zonada yaşanan hadisələrə bir daha toxunaraq təmas xəttində döyüş əməliyyatları zamanı polisin üzərinə müharibə dövrünün tələblərinə uyğun mühüm vəzifələr düşdüyünü, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli müvafiq Sərəncamına, onun icrası ilə bağlı Nazirliyin tədbirlər planına uyğun olaraq cəbhəboyu rayonlarda zəruri tədbirlərin məqsədyönlü surətdə davam etdirilməsini tapşırıb.
General-polkovnik Ramil Usubov cari il fevralın 2-də ölkə Ppezidenti tərəfindən imzalanmış «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Fərman çərçivəsində bir sıra rayonlarda mülki işçi vəzifələrinə vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışlarının keçirildiyinə, hazırda anoloji tədbirlərin davam etdirildiyinə toxunaraq aidiyyəti xidmətlərin və ərazi polis orqanlarının rəislərindən bu məsələnin diqqətdə saxlanılmasını tələb edib.
Cari il martın 1-dən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə mindiyini xatırladan nazir xidməti fəaliyyətdə həmin qanunvericilik aktının tələblərinə ciddi riayət olunmasının, bunun üçün ilk növbədə polisin səlahiyyətinə aid maddələrin şəxsi heyət tərəfindən dərindən öyrənilməsininin əhəmiyyətini qeyd edib.
Nazir Prezident İlham Əliyev tərəfindən daxili işlər orqanlarına daimi diqqət və qayğının göstərildiyini, bunun isə polisin üzərinə daha böyük məsuliyyət qoyduğunu bildirib. O, ölkə başçısını əmin edib ki, şəxsi heyət qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək.