“Elnarə Tofiqqızının ölüm səbəbləri araşdırılır”. Lent.az-ın məlumatına görə, bunu “mediaforum” saytına açıqlamasında Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimova deyib.
Məlumata görə, jurnalist Anar Niftəliyevin xanımı, tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıda, “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinib. Şəbnəm İbrahimova açıqlamasında 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın sentyabrın 20-si saat 12:30 radələrində üzərində aparılan əməliyyat zamanı vəfat etdiyini söyləyib: “Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır. Elnarə Niftəliyevanın meyiti daxili müayinə üçün məhkəmə-tibb ekspertizasına təqdim olunub. Ancaq hələlik ekspertizanın rəyi alınmadığından ölümün səbəbini müəyyənləşdirmək mümkün deyil.
Elnarə Niftəliyevanın işi ilə bağlı həm də kompleks ekspertiza təyin olunub. Kompleks ekspertiza təyin olunmasında məqsəd əməliyyat zamanı həkimlərin səhvi və ya vəzifədən sui-istifadə hallarının olub-olmadığını müəyyənləşdirməkdir. Araşdırmalar davam etdirilir”.