Azərbaycan prezidenti İlham Əliyev Latviya Respublikasının prezidenti Andris Berzinşə təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, dövlət başçısı Latviyanın Milli günü münasibətilə A.Berzinşi təbrik edib.
Məktubda qeyd olunur ki, Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur: “Ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik”.
Azərbaycan prezidenti İlham Əliyev Oman Sultanı Qabus bin Səidi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram”.